Rusiyanın Ermənistana pulsuz verdiyi silahların qiyməti 6 milyard dollardır.
Bu sözləri Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın Azərbaycanın Rusiyadan silah almasıyla bağlı açıqlamasını Axar.az-a şərh edən politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycan silahı pulla alır, Ermənistana isə bu silahlar Rusiya tərəfindən pulsuz verilir:
“Biz Rusiyadan silah almağımızı gizlətmirik. Azərbaycanın indiyə qədər Rusiyadan aldığı silahların dəyəri 5 milyard dollardan artıqdır. Hazırda yeni silah sifarişlərimiz də var ki, onların qiyməti hələ dəqiqləşməyib. Ermənistanın Azərbaycanın iqtisadiyyatına qibtə etməsi adi haldır. Çünki Azərbaycan iqtisadiyyatı Ermənistandan fərqli olaraq hər zaman inkişaf edir. Bu inkişaf səbəbiylə də biz öz hərbi bazamızı yarada bilmişik və genişləndirməkdə davam edirik. Hər bir dövlət çalışır ki, özünün müdafiə potensialını təmin etsin. Azərbaycan işğala məruz qalmış ölkədir. Bu işğalı həyata keçirərkən ermənilər rusların köməyindən istifadə ediblər. Bu gün onlarda olan müasir silahların çoxu Rusiya tərəfindən təmənnasız Ermənistana ötürüləndir. Bunlar azmış kimi Rusiya Federasiya Şurası Ermənistanla vahid ordu birləşmələrinin yaradılması haqqında sazişi ratifikasiya edib. Ermənistanın hava hücumundan müdafiə sistemini də Rusiya qurub”.
Politoloq bildirib ki, ermənilər rusların dotasiyası hesabına yaşayan ölkə olmalarına baxmayaraq, yenə də təcavüzkar niyyətlərlə yaşayırlar:
“Azərbaycanın neft və qaz yataqlarıyla zəngin olması, kənd təsərrüfatı, sənaye istehsalatının inkişaf etməsi Azərbaycan büdcəsinə təkliflər gətirir. Biz tək Rusiyadan deyil, həmçinin İsraildən də silah alırıq. Bizim Müdafiə nazirimiz İsrailə səfəri zamanı mühüm silah sazişlərinə qol çəkdi. Bu silah növlərini tək istifadə üçün almırıq, həm də İsraillə olan müqaviləyə görə, həmin silah növlərinin bir çoxunu birgə istehsal etməyə başlamışıq. Yeni tipli pilotsuz uçan təyyarələrin istehsalı artıq bizdə mənimsənilib. Ölkəmiz yaxın zamanlarda İsraildən “Dəmir qübbə” deyilən və istənilən raketi tutmağı bacaran silahların alınmasına da başlayacaq. Azərbaycan artıq kamikadze pilotsuz təyyarələri istehsal edir. Bu təyyarələr Rusiyanın özündə də yoxdur”.
Politoloq bildirib ki, Azərbaycanın müdafiə sistemini artırmasında bir məqsədi var:
“Biz heç kimin torpağına göz tikməmişik. Sadəcə, öz torpaqlarımızı işğal etmiş erməniləri bu ərazilərdən çıxararaq, qaçqınları yurd-yuvalarına qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyirik. Aprel döyüşləri də göstərir ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq gücündədir. Sadəcə olaraq, Rusiyanın Ermənistanı müdafiə etməsi bu niyyəti hələ ki, həyata keçirməyə maneəçilik törədir. Amma Azərbaycan uzun müddət buna dözməyəcək və hərbi gücünü lazımı səviyyəyə çatdırdıqdan sonra bunu həyata keçirəcək”.
Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan Ermənistan-Diapor Ümumerməni Forumunda çıxışı zamanı Azərbaycanın pulu olduğu üçün Rusiyadan silah aldığını deyib.
Paylaş: