Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Əli Əlizadə, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu qeyd edib.
O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin Pakistan Milli Assambleyası tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qarşılıqlı həyata keçirilən və keçiriləcək yeni layihələr, əməkdaşlıq imkanları haqqında məlumat verən Ə.Əlizadə, parlamentlərarası əlaqələrin daha da inkişafı istiqamətində hər iki ölkənin parlament rəhbərlərinin və dostluq qruplarının səylərinin zəruri olduğunu, Pakistan Milli Assambleyası ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.
Pakistanın Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu deyib, Azərbaycanla əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın Ermənistanı bir ölkə olaraq tanımadığını qeyd edən S.A.Sadiq, Ermənistanın əks səylərinə baxmayaraq Pakistanın Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Paylaş: