Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradovun “Report”a müsahibəsi:
- 2017-ci il Azərbaycan üçün necə yadda qaldı?
- Bu il Azərbaycan üçün çox vacib illərdən biri olub. Təbii ki, bizim uğurlarımız göz qabağındadır. İnsanları ən çox narahat edən məsələlərdən biri də Azərbaycan dövlət büdcəsi idi. Ona görə təkliflərlə çıxış etdik, görüşlər keçirdik. 2018-ci illə bağlı təkliflərimiz nəzərə alındı. 2005-ci ildən deputatam. Deyə bilərəm ki, hər il müxtəlif təkliflər qəbul olunur. Bu il insanları narahat edən bir çox məsələlər müsbət şəkildə öz həllini tapdı. Ehtiyac meyarının, eyni zamanda müxtəlif sosial xərclərin artırılması mühüm məsələdir. Təbii ki, problemli məsələlər hələ də mövcuddur. Beynəlxalq Bankın ətrafında olanlar problemli məsələ kimi qalıb. Ümumiyyətlə, bank sektorunda ciddi problemlər müşahidə olunur. Bununla bağlı bizə çox müraciət edirlər. Bu, keçid dövrüdür, mən bunu bütün dünyada olan iqtisadiyyatın yeni formaları, maliyyə strukturlarının, sisteminin yenisinin yaranması kimi qəbul edirəm. Bu gün dünyada bu proses başlayıb. Azərbaycan da bu sistemin üzvüdür. Bu, yeni maliyyə nəzarət sistemlərinin həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, yeni maliyyə ödəniş sisteminin yaradılması mühüm məsələdir. Bunu “müxtəlif kripto strateji yanaşmalar” adlandırıram. Çox vacib məsələlərdən biridir. Əslində bu, dünya maliyyə sistemində çox ciddi müsbət nəticələr verə bilər. Eyni zamanda çox mənfi nəticələrin olması da mümkündür.
Paylaş: