Xəbər lenti


Ermənilər ilk dəfə deyil ki, Azərbaycan torpaqlarında süni şəkildə əhalinin sayını artırmağa çalışır. 44 günlük müharibədən öncə də belə cəhdlər olurdu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli 44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailənin (376 nəfər) Xankəndiyə köçürülməsi haqda erməni mediasının yaydığı məlumatı şərh edərkən deyib.
Q.Hüseynli qeyd edib ki, Xankəndiyə köçürülən ermənilərin sayı həqiqəti əks etdirmir:

“14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Təbii ki, köçürülüb gətirilmə hələ Qarabağda onların qalıb məskunlaşması demək deyildi. Baxmayaraq ki, köçürülüb gətirilənlərə aylıq müavinət, pulsuz yemək verilir, tibbi xidmət və s. göstərilir, Qarabağa qaytarılanların əksəriyyəti geri qayıtdı və bu gün orada təxminən 30 min civarında erməni yaşayır. Bu rəqəmi Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan da təsdiqlədi. O bildirdi ki, Qarabağda ümumilikdə 35 minə yaxın erməni əhalisi var. Əlbəttə ki, Arutyunyan real rəqəmi demir və belə çıxır ki, Qarabağdakı ermənilərin sayı 30 mindən də azdır. İndi isə Ermənistan heç vaxt Qarabağda yaşamayanları müxtəlif vədlərlə şirnikləndirərək, Azərbaycan ərazilərinə köçürüb məskunlaşdırmaq və burda saylarını artırmaq istəyir”.

Politoloq bildirib ki, Qarabağda yaşamayan 76 ailənin Xankəndiyə köçürülməsi heç nəyi dəyişməyəcək:

“Məsələ ondadır ki, hazırda işğaldan azad edilən Qarabağda bərpa işləri davam edir. Bərpa prosesin ardınca böyük qayıdış planı başlayacaq. Yəni 800 mindən çox azərbaycanlı öz doğma torpaqlarına qayıdacaq. Onu da deyim ki, 27 il öncə bu say 800 min idi, hazırda bu sayın milyonu keçdiyi məlumdur. Yəni lap ermənilərin sayı Qarabağda 50 min olsa belə, 1 milyondan artıq azərbaycanlı ilə birlikdə onlar yenə də azlıq vəziyyətində olacaq. Nəticə etibarilə ermənilərin Qarabağda əhali sayını süni surətdə artırmaq cəhdi onlar üçün yaxşı heç nə vəd etmir”.
Politoloq eyni zamanda bildirib ki, Azərbaycan rəsmi səviyyədə Qarabağda əvvəl yaşayan hər kəsin dəqiq siyahısını bildiyini elan edib:

“Cənab Prezident də çıxışlarının birində qeyd etdi ki, Qarabağda 1991-ci ilə qədər yaşayanların dəqiq siyahısı var və sonradan məskunlaşmanı rəsmi Bakı qəbul etməyəcək. Yəni ermənilərin Qarabağda bu cür məskunlaşma siyasəti özlərinə ziyan vuracaq. Onsuz da həmin şəxslər qanuni şəkildə geri qaytarılacaqlar. Yaxşı olar ki, bu həqiqəti İrəvan indidən dərk etsin, ora köçürülməsinə çalışılan ermənilərin taleyi ilə oynamasın”.




Ana səhifəyə qayıt        Baxış: 3 283          Tarix: 5-07-2021, 17:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma