Xəbər lenti

Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanov deyib ki, Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir. 

Amma Cavid Qurbanov tikinti işlərinə nə zaman başlanılacağını dəqiqləşdirməyib. "Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq”,- o vurğulayıb. 

Politoloq Elxan Şahinoğlu bildirir ki, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. 

Ekspert qeyd edib ki, bu o demək olacaq ki, Xankəndi Azərbaycanın nəzarətinə keçib və vətəndaşlarımız bu şəhərə rahat gedib-gələ biləcəklər: "Cavid Qurbanovun Xankəndiyə dəmiryolunun çəkilməsiylə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır ki, biz şəhərimizə qayıdacağıq. Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir.

 Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün bölgədəki separatçılar tərksilah olunmalı, bölgədəki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu iki məsələ reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının Xankəndiyə gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Elə əsas da bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsidir".

"AzPolitika.info"


Ana səhifəyə qayıt        Baxış: 3 204          Tarix: 13-12-2021, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma