Xəbər lenti

“Ukraynada baş verənlər iki slavyan ölkəsi arasındakı münasibətlər çərçivəsini aşaraq, Rusiya-Qərb qarşıdurmasına çevrilib. İki aydan çoxdur bütün dünya diqqətini bu bölgəyə yönəldib. Başda Suriya və Əfqanıstan olmaqla bütün digər problemlər, demək olar ki, unudulub”.

Bunu türk professor İlyas Kamaloğlu “Anadolu”da yayımlanan məqaləsində bildirib.

Onun sözlərinə görə, hadisələri yaxından izləyən ölkələr arasında keçmiş sovet respublikaları da var:

“Baltikyanı ölkələr müstəqillik əldə etdikdən sonra Rusiyadan uzaqlaşdıqları üçün Avropa Birliyi daxilində Moskva əleyhinə mövqe tutublar. Belarus Prezidenti Aleksandr Lukaşenko son illərdə Qərblə yaşadığı problemlərə görə Moskva ilə birgə hərəkət edir. Orta Asiya ölkələri isə məsələyə çox ehtiyatla yanaşırlar. Moldova və Gürcüstan isə ən diqqətçəkən yanaşma nümayiş etdirir və eyni zamanda ən çox narahat olan da bu iki ölkədir.

Hər iki dövlət əvvəldən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaqlarını açıqlayıb. Bunun birinci səbəbi, onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatlarının bunun altından çıxa bilməyəcəyi faktıdır. İkincisi, indiki mərhələdə Moskva ilə daha çox problem yaşamaq istəməmələridir. Digər səbəb isə şübhəsiz ki, hazırda hər iki dövlətin ərazi bütövlüyü problemi var. Hələ 2008-ci ildə Cənubi Osetiya və Abxaziya Gürcüstandan “müstəqilliklərini” elan ediblər. Bu “respublikalar”ın müstəqilliyi Rusiyadan başqa, demək olar ki, heç bir ölkə tərəfindən tanınmasa da, zaman onların xeyrinə işləyir. Moldova isə 1991-ci ildən Dnestryanı bölgə problemi yaşayır”.

Kamaloğlu bildirib ki, son günlər Moldova və Dnestryanı bölgə yenidən Avropanın diqqətini cəlb edir:

“Buna səbəb aprelin 25-də bölgədə baş verən partlayışlardır. Tiraspoldakı hərbi hava limanı, Qriqoriopoldakı radio qüllələri, Parkan kəndindəki hərbi obyektlər hədəfə alınıb. Dnestryanı bölgəsinin “rəsmiləri” hadisələrin səbəbkarı kimi Ukraynanı görsələr də, Moldova Prezidenti Maya Sandu bundan regiondakı separatçıların məsuliyyət daşıdığını deyib.

Dnestryanı bölgədəki bu gəlişmələr bir neçə aspektdən önəmlidir. Belə görünür ki, Rusiya Ukraynanın Odessa bölgəsindən Moldova sərhədinə qədər irəliləməyi planlaşdırır. Moskva bununla Ukraynanın dənizə çıxışını və Krımla əlaqəsini kəsmək istəyir. Rusiya buna nail olsa, illərdir dəstəklədiyi və Moldova ilə münasibətlərində istifadə etdiyi Dnestryanı bölgə ilə də qonşu olacaq və beləliklə, bu bölgəni öz nəzarəti altına alacaq. Rusiya Gürcüstan və Ukraynada olduğu kimi, Moldovanın da AB və NATO-ya inteqrasiyasının qarşısını almağa çalışır”.

Professor baş verənlərdən sonra Moldovanın Rumıniyaya birləşmək məsələsinin yenidən gündəmdə olduğunu qeyd edib:

“Dnestryanı bölgədə baş verən partlayışlardan dərhal sonra Moldovada sağçı partiyaların bəzi nümayəndələri Rumıniya ilə birləşmə məsələsini yenidən gündəmə gətiriblər. Maraqlısı budur ki, bu yanaşma sözügedən bölgədə probleminin yaranmasında da təsirli rol oynayıb. Odur ki, regiondakı partlayışlar, qarşılıqlı ittihamlar və Moldova ilə Rumıniyanın birləşməsi məsələsinin yenidən gündəmə gətirilməsi bölgədə sabitliyin daha da pozulmasına gətirib çıxara bilər.

Dnestryanı bölgədə baş verən hadisələrin arxasında kimin dayandığını proqnozlaşdırmaq çətindir. Ancaq bütün tərəflərin bundan öz mənfəətləri üçün istifadə edəcəyi göz qabağındadır. Dnestryanı bölgədəki separatçılar bundan Rusiyanın dəstəyini almaq üçün bir səbəb kimi, Ukrayna və ya hətta Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün istifadə edə bilər. Moskva isə daxili ictimaiyyətə Dnestryanı bölgə ilə quru əlaqənin yaradılmasının nə qədər vacib olduğunu göstərmək istəyəcək, Rumıniya da Moldovanın özü ilə birləşməsinin bu ölkənin təhlükəsizliyi üçün nə qədər vacib olduğunu gündəmə gətirəcək. Buna görə də, Dnestryanı problemində aktorların sayı bir anda demək olar ki, iki dəfə artıb”.

Kamaloğlu vurğulayıb ki, Dnestryanı bölgədə və ümumilikdə Moldovada baş verənlər bir çox cəhətdən Ukrayna böhranını xatırladır:

“Separatçı zonanın mövcudluğu ilə yanaşı, Rusiya rəsmiləri tez-tez Moldovada rusdilli insanların təzyiq altında olduğunu iddia edirlər. İndi Polşanın Ukraynadakı rolunu Moldovada Rumıniya öz üzərinə götürüb. İki məsələ arasında başqa oxşarlıqlar da var. Amma Moldovanın Ukraynadan ən böyük fərqi ondadır ki, onun həm ordusu (cəmi 6 minlik ordusu var), həm də hərbi texnologiyaları yoxdur.

Aprelin 25-də başlayan gərginlik səngiyib. Hələlik bu susqunluğun davam edəcəyi düşünülür. Tərəflər bu hadisələrdən öz maraqları üçün istifadə etməkdən çəkinməsələr də, xüsusən də Moldova və separatçı Dnestryanı bölgədəki separatçılar Ukraynada baş verənlərin nəticələrini görür. Tərəflərin qarşılıqlı ittihamlara baxmayaraq, qeyri-sabitliyin yayılmasının qarşısının alınmasının vacibliyini vurğulaması susqunluqla bağlı uzaqgörənliyi gücləndirir. Bununla belə, Dnestryanı bölgənin təəssüf ki, “hər an partlamağa hazır mina” olaraq qalmağa davam edəcəyi də bir həqiqətdir”.

(Teleqraf.com)



Ana səhifəyə qayıt        Baxış: 3 257          Tarix: 29-04-2022, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma