Xəbər lenti

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə imzaladığı Birgə Bəyannamədən ən çox rahatsız olan dövlət, sözsüz ki, Rusiyadır. Ukrayna məsələsinə görə hələ ki, rəsmi səviyyədə bunu tam büruzə verməsə də.

Kremlə yaxın avrasiyaçı politoloq, mifik “Rus dünyası”nın əsas ideoloqlarından və təbliğatçılarından olan Aleksandr Duqin isə artıq özünəməxsus tərzdə hadisəyə reaksiya bildirib. O, Vaşinqton anlaşmasını “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb.

“Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu bərpa etmək zamanıdır”, - Duqin qəzəbini gizlətməyib.

Onun sözlərinə görə, saziş Rusiyanın gücsüzlüyünün sübutudur: “Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə, məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan şillədir”.

Ardınca isə deyib: “Paşinyanı və Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir imperiyayıq, ya da “müttəfiqlərimizin” bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur”...

Görəsən hansı ədalətdən danışır bu velikorus şovinisti? Nə demək “öz maraqlarını müdafiə eləməyə qadir imperiya” qurmaq, “böyük dövlət statusunu bərpa etmək zamanı”, yaxud “artıq postsovet məkanına da nəzarət etmirik” gileyi? Necə, hansı yolla “nəzarəti” və “böyük dövlət statusunu” bərpa edəcəksiniz? Ukraynadakı kimi?..

Əlbəttə, insanların, xalqların inam-etimadını itirmək böyük faciədir. Onu bərpa eləmək isə, son dərəcə çətin. Amma və lakin Rusiya günahı heç kimdə yox, özündə axtarmalı, arada güzgüyə baxmalıdır, nəinki Duqin kimi avantüristlərin, şarlatan solovyovların, zatulinlərin, qurulyovların təhdid dili ilə qonşuları şantaj siyasətinə davam etməlidir.

Təzədən dirçələn velikorus axmaqlığı nə Rusiyanı, nə də rus cəmiyyətini yaxşı heç yerə gətirməyəcək. Bayırda 2025-ci ildir. Vəhşi millətçiliyə qapılmaqla, “güclüyəmsə, demək, həmişə haqlıyam” idbar yanaşması ilə siz heç bir xalqda özünüzə qarşı rəğbət yarada bilməzsiniz. Zorla sevgi, heyranlıq olmur, olmayacaq!

Əksinə, olan-qalan inamı da itirəcəksiniz. Hətta günün birində “qardaş” dediyiniz Belarus da sizdən uzaqlaşacaq. “Qardaş və dindaş” Ukrayna kimi. Daha biz qeyri-slavyan ölkələri demirik...

Məsələ də ondadır ki, artıq hamı, özəlliklə postsovet ölkələri Putin Rusiyası ilə bağlı öz “dərsini” götürüb, nəticəsini çıxarıb. Əgər XXI əsrin 25-ci ilində də Moskvada ən yüksək səviyyədə və orta əsr təfəkkürü ilə imperiyanın bərpası vacibliyi bəyan edilirsə, tam ciddi şəkildə Çar Rusiyasının sərhədlərindən və üsul-idarəçiliyindən nostalji hissi ilə dəm vurulursa, üstəgəl, “Rusiyanın sərhədləri yoxdur” deyə qonşu dövlətlər açıq şəkildə hədələnirsə, qonşu özü üçün başqa hansı nəticəni çıxarmalıdır ki.

Müxtəsəri, nə qədər gec deyil, Rusiya imperiya iddiaları məsələsində özünü yığışdırmalıdır. Yoxsa Duqinin dediyi “şillələrdən” çox yeyəcək...

Z.SƏFƏROĞLU




Ana səhifəyə qayıt        Baxış: 3 511          Tarix: Bu gün, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma