Ötən həftə NATO-nun geniştərkibli nümayəndə heyətinin Azərbaycana səfəri və alyans təmsilçilərinin Prezident İlham Əliyev ilə görüşü İranda açıq ifadə olunan təlaş və qorxu ilə qarşılanıb.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bununla bağlı mediada yayılan təhlillərdə Azərbaycan-NATO əməkdaşlığının inkişafı İran üçün təhdid kimi dəyərləndirilib, bəzi hallarda isə bu əməkdaşlığın guya birbaşa İrana qarşı yönəldiyi vurğulanıb.
Məsələnin İranda doğurduğu təşvişin miqyasını göstərən faktlardan biri də budur ki, səfərdən bir həftədən də artıq vaxt keçməsinə baxmayaraq, İran mətbuatında bu mövzuya həsr olunmuş yazıların ardı-arası kəsilmir.
Məsələn, elə dünən bilavasitə İran hakimiyyətinə bağlı "Cam-e Cəm" qəzeti "Bakının NATO oyunu" başlıqlı geniş məqalə dərc edib. Məqalənin əsas tezisini açıq şəkildə ifadə edən ikinci başlığı isə belədir: "Qərb Azərbaycan Respublikasını İran və Rusiya əleyhinə Qafqaz regionuna nüfuz etmək vasitəsinə çevirməyə çalışır".
NATO nümayəndə heyətinin Azərbaycana səfəri məqalədə məhz bu kontekstdə dəyərləndirilir: "Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Bakıda NATO-nun nümayəndə heyəti üçün möhtəşəm qırmızı xalça döşəyib. Onun məqsədi Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkənin ordusunun imkanlarını artırmaq və strukturunu modernləşdirməkdir. Sovet dövründən qalma silahların və təlimlərin Avropa-Amerika modelləri ilə əvəzlənməsi prosesi artıq başlayıb", - deyə məqalədə vurğulanır.
Paylaş:




























