Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovanın APA-ya müsahibəsi
- Nurəngiz həkim, Sabunçu Tibb Mərkəzinə ən çox hansı istiqamətdə müraciətlər daxil olur?
- Sabunçu Tibb Mərkəzi 21 tibbi şöbədən ibarətdir. Gündəlik olaraq vətəndaş müraciəti 5500-6500 arası dəyişir. Sözügedən müraciətlərin təkcə 1500-2000-i ambulator olaraq qeydə alınır. Sabunçu Tibb Mərkəzi çoxprofillidir. Təbii ki, profilimizə, maddi-texniki bazamıza uyğun olaraq bizə üz tutan bütün vətəndaşları, xəstələri qəbul edir, şəfa tapmasına yardımçı oluruq. Demək olar ki, bütün şöbələrə vətəndaş axını çoxdur.
- Həkim, avtoqəzalarda xəsarət alanların əksəriyyətinin Sabunçu Tibb Mərkəzinə gətirilməsini müşahidə edirik. Bu nə ilə bağlıdır?
- Avtoqəzalarda xəsarət alanların çoxunun Sabunçu Tibb Mərkəzinə gətirilməsinin səbəbi xəstəxananın iki böyük magistral yola yaxın yerləşməsidir. Bildiyimiz kimi, magistral yollarda yol-nəqliyyat hadisələri daha çox olur. Onu qeyd edim ki, təkcə yaxın ərazilərdən deyil, respublikanın digər ərazilərində də baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində qəzaya düşmüş şəxslər Sabunçu Tibb Mərkəzinə gətirilir. Ümumiyyətlə, heç bir xəstəxananın qəbul edə bilmədiyi, ən ağır xəstələri qəbul edir, mərkəzimizdə onlara tibbi xidmət göstəririk. Təbii ki, bu zaman çarpayı fondumuz və digər məqamlar da nəzərə alınır.
- Avtoqəzalarla bağlı müraciətlərdə daha çox hansı xəsarətlər müşahidə edilir?
- Qəza hadisələri nəticəsində daha çox kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrində çıxıq-sınıqlar, yəni ən ağır travmatoloji xəstələr mərkəzimizə yerləşdirilir. Çalışırıq ki, heç bir xəstəni naümid buraxmayaq və əlimizdən gələn yardımı göstərək. Qeyd edim ki, bu və digər hallarla bağlı cərrahiyyə şöbəmizə də müraciətlər çoxdur. İcbari tibbi sığortanın tətbiqindən sonra bu müraciətlər daha da artıb. Vətəndaşlar Sabunçu Tibb Mərkəzində İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlərdən tam pulsuz şəkildə yararlanırlar.
- 5 nömrəli Uşaq Yoluxucu xəstəliklər Xəstəxanası da Sabunçu Tibb Mərkəzinin tabeliyindədir. Uşaqlarda daha çox hansı yoluxucu xəstəliklər müşahidə edilir?
- 5 saylı Uşaq Yoluxucu Xəstəxanasına müraciətlər əsasən qastrit, mədə-bağırsaq infeksiyaları, qusma və bunlarla yanaşı, pnevmoniya, bronxit, kəskin respirator infeksiyalarla bağlı olur. Müraciət edən şəxslər 2 aydan 18 yaşa qədər olan pasiyentlərdir. Ən çox xəstə müraciətləri əsasən qış aylarına təsadüf edir. Yay aylarında xəstə müraciətlərinin sayı isə azalır.
- Doktor, tibb nə qədər inkişaf etsə də, hələ də ana, körpə ölümlərinə rast gəlinir. Bunun səbəbi nələrdir?
- Sabunçu Tibb Mərkəzi olaraq ana və uşaq ölümlərinin aradan qaldırılmasında çoxşaxəli xidmətlər göstəririk. Doğum şöbəsinin hamiləlik patologiyaları ilə yanaşı, ekstragenital xəstəliklərlə ağırlaşan xəstələr qəbul olunur. Çoxprofilli tibb müəssisəsi olduğu üçün dar ixtisas mütəxəssisləri tərəfindən yardım göstərilir. Vaxtından əvvəl doğulmuş yeni doğulmuşlara reanimasiya xidmətləri göstərmək üçün müasir texnologiyalar tətbiq olunur və bunların nəticəsidir ki, əvvəlki illərlə müqayisədə ana və uşaq ölümləri göstəricilərindəki dinamikada azalma müşahidə olunur.
- Xəstəxananın tibbi-təchizat bazası ilə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
- Sabunçu Tibb Mərkəzində hazırda 15 küvezimiz var. Gəldiyim dövrdən bəri xəstəxananın fəaliyyətində 10-12% inkişaf var. Rahatlıqla deyə bilərəm ki, mərkəzimizdə ixtisaslaşmış həkimlərinin səyi ilə körpələr sağ-salamat dünyaya göz açırlar, həmçinin bizim həkimlərə etimad göstərən analar əmin əldədirlər.
- Nurəngiz həkim, bildiyimiz kimi, yeni təyin olunmusunuz. Təyinatınızdan sonra kadr dəyişikliyi oldumu?
- Təbii ki, yeniliklər etmək üçün mütləq zəruri dəyişikliklər etmək lazım gəlir. Xidmətimizin yaxşılaşdırılması, nöqsanların aradan qaldırılması üçün bir sıra addımlar atmışıq. Direktor təyin olunduğum zaman mərkəzin baş həkim, direktor müavini də yeni təyin edildilər. Hesab edirəm ki, bunun da öz əhəmiyyəti var. Çünki üçümüz də bir-birimizi tanımırdıq və üçümüz də işləməyə gəlmişik. Başladığımız müddətdən bəri az sayda kadr dəyişikliyi olub. İşdən çıxarmanın tərəfdarı deyiləm. Yaxşı olar ki, nöqsanlara yol verən şəxslərlə maarifləndirmə söhbətləri edilsin. Baş həkimimiz, direktor müavinimiz, hüquqşünasımız bu istiqamətdə söhbətlər aparır, inzibati tənbeh tədbirləri görülür. Lakin bundan sonra da kimsə nizam-intizama tabe olmayanda, xəstəxananın tibbi protokoluna əməl etməyəndə, təbii ki, işdən çıxarmalı oluruq. Ümumilikdə, indiyə qədər işdən azad olunanların əksəriyyəti təqaüd yaşına çatmış doktorlarımız olub. Həmçinin, bizdən öncə təşkil olunan Həkim Məsləhət Komissiyası müəyyən nöqsanlara görə dayandırılmışdı. Lakin hazırda rəhbərliyim dövrümdə yeni tibbi heyətimizlə Həkim Məsləhət Komissiyası yenidən öz fəaliyyətinə başlayıb.
- Nurəngiz həkim, Sabunçu Tibb Mərkəzinə təyin olduğunuz vaxtdan bəri hansısa neqativ halla bağlı hüquq-mühafizə orqanlarına müraciət halları olub?
- İş varsa, orada nöqsan və digər neqativ nüansların olması qaçılmazdır. Əsas odur ki, bu maneələri uğurla dəf edəsən. Vətəndaşlara düzgün xidmət göstərilmədikdə, işçilərin nizam-intizam qaydalarını pozması səbəbi ilə hüquq-mühafizə orqanlarına müraciət etdiyimiz hallar olub. Vətəndaş məmnuniyyəti bizim üçün ən prioritet məsələdir. Ona görə də daxili kommunikasiyamıza, həmçinin həkim-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasına, tibbi heyətin protokollara uyğun şəkildə işlərini tənzimlənməsinə səy göstəririk.
- Sabunçu Tibb Mərkəzi haqqında belə bir imic formalaşıb ki, buraya “diri girən, ölü çıxır”. Bu imicin dəyişməsi üçün hansı addımlar atılır və ya atmağı planlaşdırırsınız?
- Bilirsiniz, Sabunçu rayonunun əhalisi çoxdur. Eyni zamanda, digər rayonlardan mərkəzimizə üz tutan vətəndaşları nəzərə alsaq, müraciət sayının çoxu göstərilən xidmətin keyfiyyətinə təsir edə bilirdi. Bura strateji əhəmiyyətli, tarixi qədim və vaxtilə də öz sözünü demiş bir xəstəxanadır. Təəssüf ki, adı neqativ hallanır. Lakin biz insanlarda xəstəxanaya olan inamı qaytarmaq üçün nizam-intizam, yenidənqurmalar, islahatlar aparırıq. Həmçinin, ciddi nəzarət lazımdır ki, neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, imicimiz xidmətimizdən məmnunluq duyan vətəndaşların səyi, ixtisaslaşmış həkimlərimizin birliyi və komanda gücü ilə dəyişəcək.
- Müxtəlif vaxtlarda mətbuatda xəstəxanada rüşvət, dərmanların pulla satılması ilə bağlı şikayətlər olduğunu oxumuşuq. Hazırda vəziyyət necədir?
- Fəaliyyət dövrümdən etibarən mərkəzimizdə yeni islahatlar gedir və dövlət tibb müəssisəsində deyilən bu kimi nüansların olması yolverilməzdir. Bu gün mərkəzimiz yetəri qədər dərman preparatları, tibbi ləvazimatlarla təmin olunur. Fəaliyyətə başladığım ilk gündən şöbələrin dərmanla bağlı vəziyyətinin yoxlanmasını tapşırmışdım. Ola bilsin ki, dərmanların silinməsi üçün say artıq və ya əskik yazılsın, şkaflarda vaxtı keçmiş dərmanlar olsun və s. Xüsusi əhəmiyyətli preparatlara özüm nəzarət edir və xəstəlik tarixləri ilə müqayisələrini aparıram. Bu zaman bəzi həkimlərdə fərqlər çıxdığı hallar olub. Həmin həkimlərin izahatı alınıb, töhmət verilib.
Hazırda demək olar ki, aptekimiz tam olaraq təchiz olunub. Şöbələr tərəfindən pasiyentlərə sərf olunan dərman preparatları mütəmadi olaraq aptekdə şöbənin anbarına daxil olur. Bu istiqamətdə hər hansı çatışmazlıqla üzləşməmişik.
- Nurəngiz həkim, bilirik ki, ciddi dəyişikliklər, sərt qaydalar tətbiq edilən yerlərdə təmizləmə işi aparan adamlar çox da sevilmirlər. Siz tərəfdən belə addımlar atıldığını deyirsiniz. Bəs bu halda yeniliklərlə barışmayan, qəbul etməyənlərlə necə mübarizə aparmağı düşünürsünüz?
- Təbii ki, bəzən şər-böhtan xarakterli söz-söhbətlər olur. Bu cür hallarda birinci narahat olsam da, sonradan özümə, işimə və ətrafıma arxayın olduğum üçün rahatam. İllərdir ki, vəzifədəyəm. Məni də sevməyən, istəməyən qüvvələr, yaxşı işlərə kölgə salmaq istəyən adamlar var. Buna görə söz-söhbətin olması təbiidir. Bir adamdan hər kəs razı qala bilməz. İşçi nizam-intizama riayət etmirsə, etik qaydaları pozursa, təbii ki, bu, qəbuledilməzdir. Məsələn, hansısa tibb işçisinin həkim qala-qala reanimasiyada yatan xəstənin yaxınlarına onun vəziyyəti barədə məlumat verməyə ixtiyarı yoxdur.
Yeri gəlmişkən, reanimasiyada elektron monitor hazırlamışıq. Orada xəstələrin daxilolma vaxtı, diaqnozu, son vəziyyəti barədə məlumat qeyd olunacaq. Eyni zamanda, proqram hazırlanıb ki, xəstə yaxını evindən onun vəziyyətini izləyə, xəstəxana ilə əlaqə saxlaya biləcək.
- Bəzi xəstəxanalarda həkimlərə və ya tibb işçilərinə pul verərək xəstə yaxınlarının reanimasiya şöbəsinə daxil olması ilə bağlı fikirlər səsləndirilir. Elə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsində də bu cür halların yaşandığını deyənlər olub.
- Xəstə reanimasiyaya daxil olursa, reanimatoloqlar xəstə yaxınları ilə yalnız aşağıda görüşə bilərlər. Birbaşa xəstə yanına qalxmaq qadağandır. Buna icazə yoxdur. Yenidən qurulan reanimasiya şöbəmizdə üzdən tanıma olacaq. Qeyd edim ki, təkcə reanimasiya şöbəmizdə deyil, ümumilikdə xəstəxanada nizam-intizam üçün mühafizə sistemini gücləndirmişik. Düzdür, bu gün bütün xəstəxanalarımızda inkişaf gedir. Mən də çalışıram ki, Sabunçu Tibb Mərkəzi yaxın gələcəkdə özəl klinikalar səviyyəsində tibbi xidmət göstərsin, onlarla rəqabət aparsın.
- Həkim, Sabunçu Tibb Mərkəzinin hemodializ şöbəsi ilə bağlı ciddi narazılıqlar var idi. İndiki vəziyyət necədir?
- Bəli, televiziya kanallarından çəkiliş edənlər də olmuşdu. Hemodializ şöbəsi bizim yaralı yerimizdir. Bu təkcə Sabunçu Tibb Mərkəzi üçün deyil, əksər yerdə belədir. Elə təyinatımdan sonra ciddi problemlərin ola biləcəyi şöbələrə bir-bir baxış keçirərkən hemodializ şöbəsinə də baxdım. Orada vəziyyət çox acınacaqlı idi. İy-qoxu, natəmizlik, nizamsızlıq, dərman təminatı sıfır, havasızlıq və s. İlk işim baş tibb bacısını oraya ezam etmək oldu. Şöbədən iki “Kamaz” zibil çıxartmışdıq. Təmir işlərinə başladıq. Şöbənin işıqlandırılması, su sistemi, havalandırma düzəldi. İllərin çirkabı yığılmış aparatlar yuyuldu. Xəstələrin qeydiyyatına baxıldı və s. Burada çox ciddi nöqsanlar aşkarlandı.
Şöbə müdiri qayda-qanunların dəyişdiyini görüb işdən çıxdı. TƏBİB rəhbərliyinə müraciət etdik. Komissiya gəldi, sular analiz edildi, hovuzlar təmizləndi. Görülən işlərdən sonra bu gün deyərdim ki, Sabunçu Tibb Mərkəzinin hemodializ şöbəsi Bakıdakı ən nümunəvi şöbələrdən biridir. Artıq vətəndaş şikayətləri yox, təşəkkürlər eşidirik. 1-ci korpusda 126, 2-ci korpusda 148 xəstə müalicə ala bilir. Gələcəkdə bu iki şöbənin birləşdirilməsi nəzərdə tutulur.
- Neqativ hallara yol verənlər həkimlər olub, yoxsa tibb işçiləri?
- Orta tibb işçisi və iki həkim neqativ hala yol vermişdi. Onların da izahatı alınıb, özləri də biliblər ki, səhvdirlər və işdən çıxıblar.
- Ümumilikdə, təyinatınızdan bəri xəstə və ya xəstə yaxınlarından yazılı və ya şifahi şikayətlər almısınızmı?
- Alırıq, çünki xəstə və xəstə yaxınlarının rahat şəkildə öz şikayətlərini, narazılıqlarını dilə gətirməsi üçün şərait yaratmışıq. Məhz o şikayətlər həmin nöqsanların aradan qaldırılması, iş prosesində, fəaliyyətimizdə keyfiyyətin yüksəldilməsində böyük rol oynayır. Şikayət olursa, yerində baxılır. Xəstəxanada nəzarəti gücləndirmişik. Stasionar müalicələrdə keyfiyyətin, xəstələrə diqqətin daha da artırılması istiqamətində çalışırıq.
Bir faktı deyim. Təyin olunduğum ilk həftədə xəstəxanaya ağır vəziyyətdə uşaq gətirilmişdi. Bayaq dediyiniz kimi, valideynləri söyləyirdi ki, bura diri girən, ölü çıxır, uşağımızı aparaq. Reanimasiyaya qalxdım, uşağın vəziyyəti ilə maraqlandım. Şöbə müdiri ilə danışdım və dedim ki, xəstənin vəziyyəti barədə mənə konkret məlumat versin: Xəstə bu vəziyyətdən çıxacaq, yoxsa yox? Şöbə müdiri üzümə baxdı və dedi ki, həkim, bəlkə xəstəni başqa xəstəxanaya köçürək? Razılaşmadım. Sual verdim ki, savadınıza və özünüzə güvənirsinizmi? Dedi, bəli. Mən sual verdim ki, bu zaman başqa xəstəxanadakı reanimatoloq sizdən artıq nə edə bilər?! Bildirdim ki, gecəni yatmasınlar, çalışsınlar və xəstəni ağır vəziyyətdən çıxarsınlar. Gecə saat 2-də zəng vurdular ki, xəstə oyanıb. Uşaq sağalaraq evə buraxıldı. Bilirsinizmi, bu xəstəxananın adı buna görə yaxşı hallanmır. Xəstənin vəziyyəti ağır olduğu halda başqa xəstəxanaya təxliyə edilirsə, bu, imicə zərər vurur. Artıq bu cür halların qarşısı alınır.
Ola bilsin ki, mən təzə təyin olunanda bu cür rejimdə işləmək həkimlərin çoxu üçün xoş deyildi, lakin bu gün özləri də yaxşı nəticələrə görə sevinirlər. Bu xəstəxananın üzərindən “ölüxana” adı götürülməlidir. Xəstə ora ölü gəlir, diri çıxır deyilməlidir. Mən buna çalışıram. Artıq müəyyən işlər görmüşük və çalışmağa da davam edirik. Bəli, bəzən elə ağır xəstələr gətirilir ki, onlar xəstəxanaya çatdırıldıqdan bir neçə dəqiqə sonra vəfat edir. Təbii ki, bu cür hallarda adətən həkimin bir günahı olmur. Lakin xəstə xəstəxanada diqqətsizlikdən ölübsə, bu, bağışlanmazdır.
Ehtiyac yarandığı halda gecə ilə şöbə müdiri də xəstəxanaya gəlir, xəstənin vəziyyəti ilə maraqlanır. Lazımdırsa, konsilium keçirilir. Beyləqanda mənim rəhbərliyim dövrümdə bir dənə ana-uşaq ölümü olmayıb. Hamiləliyi düzgün keçirməyən, ağır xəstəliyi olan və ölüm hadisəsinin olma ehtimalı yarandığı zaman şöbə müdirləri, baş həkim və digər həkimlərlə birlikdə xəstənin başının üstündə dayanmışıq. Lazım gələndə Bakıdan həkim dəvət etmişik. Yəni xəstəyə bu cür yanaşanda ölüm də olmur. Əgər xəstəxana rəhbəri gecəsini-gündüzünə qatırsa, baş həkimin xəstələrə xüsusi diqqəti olursa, ağır xəstəni də sağaltmaq mümkündür. İndi Sabunçu Tibb Mərkəzində də bu prinsiplə çalışırıq.
Təzə təyin olunduğum vaxtlarda xəstə yaxınlarının aqressivliyi, xəstəxanaya inamsızlığı ciddi şəkildə hiss edilirdi. Lakin artıq buraya baxış müsbətə doğru dəyişir. Xəstələri və yaxınlarını qınamaq olmaz. Mən özüm də hansısa yaxınımı ağır vəziyyətdə xəstəxanaya apardığım zaman laqeyd münasibət görərəmsə, təbii ki, aqressivləşə də bilərəm. Bu, hər kəs üçün keçərlidir. Vətəndaş həkimlərdən diqqət, qayğı görəndə təmkinini qoruya bilir. Biz burada buna çalışırıq və artıq görürəm ki, mənin qədər həkimlər də narahatdırlar. Narazılıq olmaması üçün daha diqqətlidirlər. Əllərindən nə gəlirsə, edirlər. Təbii ki, laqeydlik edən həkimlər də olur, lakin əksəriyyəti zəhmətkeş həkimlərdirlər. Bu sahəyə illərini veriblər, insanlara xidmət göstəriblər. Bəzən illərlə əlində ölüm olmayan həkimin də xəstəsi vəfat edir. Bununla da reputasiyası zədələnə bilir. Həkimlik sənəti əziyyətlidir. Bunu da fikirləşmək lazımdır. Yaxşı həkim, mütəxəssis tapmaq çətindir. Təqaüdə çıxanları əvəzləyəcək həkim sayı o qədər də çox deyil. Təyinatımdan bəri 10-a yaxın gənc kadr götürmüşəm. Onların püxtələşməsi üçün fürsət yaradırıq.
- Xəstələrin və ya xəstə yaxınlarının şikayətləri daha çox hansı istiqamətdə olur?
- Əsasən, tibbi personalın vətəndaşa düzgün xidmət göstərməməsi və ya profilimizə uyğun olmayan müraciətlə gələn vətəndaşların xidmət ala bilməməsi zamanı narazılıqlar yaranır. Qeydiyyatçı-pasiyent münasibətlərində də bəzən anlaşılmazlıqlar yaranır. Lakin biz rəhbərlik olaraq vətəndaşın hüquqşünasımıza və ya birbaşa bizə narazılıqlarını bildirməsini, narazılıq doğru olarsa, vətəndaşın tələbinin təmin edilməsinə səy göstəririk.
Foto İlkin Nəbiyev ©️ APA group
Paylaş: