Bamya daha çox isti ölkələrdə becərilən ekzotik tərəvəz bitkisidir. Tarixçilərin dediyinə görə, Misir şahzadəsi Kleopatra gözəlliyini qorumaq üçün qidalanma zamanı digər tərəvəzlərlə yanaşı bamyadan da istifadə edib. Qombo, okra və qadın barmaqları adi ilə məşhur olan tərəvəzin vətəni Nil çayının şimal sahilləri və yaxın Şərq hesab olunur. Bamya məkkəgülü, pambıq və kakaonun ən yaxın qohumudur.
Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, Birinci Dünya müharibəsi illərində qəhvə ehtiyatlarının tükənməsi Asiya və Afrika ölkələri əhalisini bamya toxumlarından isti içki hazırlamağa məcbur edib. Həmin vaxtdan "bamya qızdırması" dövrü başlanılıb və yerli bazarlarda ilin hər fəslində satılan tərəvəzə çevrilib. İndi onu Amerikadan Avstraliyaya qədər bütün qurmanlar tanıyır.
Vegeterianların sevimli yeməyi olan bamya zülal və sellüloza deposu hesab edilir. Tərkibində çoxlu selik olduğuna görə ondan hazırlanan yeməklərə mütləq sirkə, limon suyu və ya pomidor kimi turş tərəvəzlər əlavə edilir. Bamyadan hazırlanan xörəklərin çuqun və ya mis qazanda bişirilməsi kimyəvi reaksiyaya və tərəvəzin rənginin qaralmasına səbəb olur və xörəyin görünüşünü əsaslı şəkildə korlayır. Dölün formalaşmasında əvəzsiz rola malik fol turşusu ilə zəngin olduğuna görə hamiləliyin ilk 12 həftəsində yeyilməsi çox faydalıdır. Bamyanın hər 100 qramının enerji dəyəri cəmi 49 kaloridir və həmin xüsusiyyətinə görə pəhriz tərəvəzi sayılır.
Təzə bamya parlaq yaşıl rəngdə, 5-8 santimetr uzunluğunda olur, üzərində kif və qurumuş hissələrə təsadüf edilmir. Vaxtından gec toplanan həmin tərəvəz uzanır, qartlaşır və zərif dadını itirir. Təzə bamyanı soyuducuda polietilen torba içərisində cəmi 2-3 gün saxlamaq mümkündür.
Bamyadan kosmetik məqsədlərlə də istifadə etmək olar. Saçların dibini möhkəmlətmək, təbii parlaqlığını bərpa etmək üçün bamya meyvələri doğranır, suda bişirilir, soyuyandan sonra alınan selikli bişirməyə bir neçə damcı limon şirəsi əlavə edilir və saç balzamı əvəzinə istifadə olunur.
Kosmetik kremə bamya ekstraktı əlavə olunaraq istifadə edilməsi dərini hamarlaşdırır və sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Paylaş: