Xəbər lenti

“Qrip infeksiyası payız-qış aylarında özünü büruzə verir. Lakin ölkədə bu mövsümdə havalar elə də soyuq keçmədiyindən Azərbaycanda hazırda heç bir təhlükəli qrip virusu aşkar edilməyib”.

Bunu "Report"a açıqlamasında Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib.

O qeyd edib ki, hazırda mövsümlə əlaqəli respirator infeksiyalar daha çox yayılıb, lakin bu da qrip yox, soyuqdəymələrdir.

Üç növ – A, B və C qrip infeksiyasının olduğunu xatırladan mütəxəssis bildirib ki, onlardan ən təhlükəlisi A-dır: “Bu günə qədər laboratoriyada bu növ qripə rast gəlinməyib və ölkədə qriplə bağlı yayılma halları yoxdur. Sadəcə soyuqdəymələr qeydə alınır. Bu da hava ilə əlaqəlidir”.

A.Əsədova əhaliyə müraciət edərək vurğulayıb ki, hazırda Rusiyada B növlü qrip infeksiyası var: “Həmin virusun Azərbaycan keçmə ehtimalının olacağını dəqiq deyə bilmərəm. Bu gün ölkədə heç bir təhlükəli vəziyyət yoxdur. Xatırladım ki, təhlükəli viruslu qruplər çox ağır formada keçir və sonradan pnevmaniyaya gətirib çıxarır, ağır fəsadlarla nəticələnir”.

İnstitut rəsmisi əhaliyə məsləhət görüb ki, bu mövsümdə daha meyvə-tərəvəz yeməyə üstünlük verilməlidir: “Maye qəbulunun çoxluğuna diqqət edilməli, özlərini pis hiss edən xəstə insanlar evdən çıxmamalıdırlar. Yataq rejimi mütləqdir. Zoğallı və limonlu çay içərək bədəndəki toksik maddələrin çıxmasına kömək edilməlidir. Otağın havası tez-tez dəyişilməli, maska taxılmalı, tərkibi “C” vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir. Yaxud hər səhər xırda-xırda limon doğranıb bala qatılmış qarışımı bir çay qaşığı qəbul etmək məsləhətdir. Bütün bu qabaqlayıcı tədbirləri görməklə immuniteti qaldırmaq mümkündür”.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə hazırda ölkədə həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan vəziyyətin stabil olduğunu qeyd edib: “Azərbaycanda qriplə xəstələnmə halları az qeydə alınır. Ölkədə qriplə xəstələnmə epidemioloji həddi keçməyib və hər şey nəzarət altındadır”. 




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 5-01-2018, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma