Xəbər lenti


Nyu York da ABŞ-ın digər böyük şəhərləri kimi maska qadağasını yüngülləşdirib. Mayın 19-da Nyu York normal həyata qayıdış yönündə böyük bir addım atmaqla ölkədə COVID-19 pandemiyanın səngidiyini təsdiqləmiş olub. Bundan sonra restoranlar, mağazalar, gimnaziyalar, böyük bizneslər tam gücüylə işləyə biləcəklər, bir şərtlə ki vaksinasiya arayışları yoxlanılsın.

Barlar və restoranlar üçün gecə qadağası ayın sonunadək qüvvədə qalır. Brodvey tamaşalarına biletlərin satışı bərpa olunub, amma sentyabradək hər hansı tamaşa göstərilməyəcək. Metro günboyu işini bərpa edib.

Mer Bill de Blasio “Nyu York Şəhərində yayın” başlandığını elan edib. Rəsmilərin sözlərinə görə, 2020-ci ilin yazında yoluxmaların diz çökdürdüyü şəhər imicini dəyişmək vaxtıdır. Artıq şəhər sakinlərinin 48 faizə qədərinə vaksinin azı bir dozasının vurulduğu bildirilir. Ölüm halları günə 24-ə düşüb, yeni yoluxmalar, xəstəxanaya yerləşdirmələr də azalır.
ABŞ-ın digər böyük şəhərlərində tam vaksin olunmuş şəxslərin küçəyə maskasız çıxmasına icazə verilib. Las Veqasda kazinolar 100 faiz gücüylə işləməyə başlayıb. Çikaqoda yay musiqi festivalı işini bərpa edib, Roman Katolik kilsələrində daha maska tələb olunmur. ABŞ-da koronavirusdan 587 mindən çox insan vəfat edib. Bu, dünya üzrə 3.4 milyondan çox ölümün altıda biri deməkdir.

Artıq bir sıra digər ölkələr də məhdudiyyətləri yumşaldırlar. Fransada Eyfel qülləsi, Paris kafeləri, kinoteatrlar, Luvr bir neçə aydan sonra yenidən ziyarətçi qəbul etməyə başlayıb. Rumıniya və Pakistan da tezliklə koronavirus qadağalarının yüngülləşdiriləcəyini elan edib.

Rumıniyanın 21 milyonluq əhalisinin 3 milyona qədərinin tam peyvənd olunduğu bildirilir. Pakistanda mayın 24-dən məktəblər açılır. Hökumət açıq havada toy mərasimlərinə, restoranların açıq havada xidməti bərpa etməsinə icazə verəcək. Digər qadağalar qüvvədə qalır.
Ölkədə COVID-19-a 886 mindən çox yoluxma və 20 minə yaxın ölüm qeydə alınıb. (azadliq.org)



Ana səhifəyə qayıt        Baxış: 5 022          Tarix: 20-05-2021, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma