Xəbər lenti
Dünən, 19:25

Azərbaycanda avqustun 9-dan etibarən "ks göstəriş sertifikatı"nın verilməsinə başlanılıb. Səhiyyə Nazirliyi bəyan edib ki, vətəndaşlar sözügedən sənədi almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Tibb müəssisələri onların məlumatlarını Səhiyyə Nazirliyinin xüsusi komissiyasına təqdim etdikdən sonra müvafiq rəy əsasında vətəndaşa "Əks göstəriş sertifikatı” veriləcək.

Hamilələrə və süd verən analara, kəskin allergik simptomlulara, həmçinin kimyaterapiya müalicəsi alan onkoloji xəstələrə "Əks göstəriş sertifikatı"nın verilməsi nəzərdə tutulub. Həmçinin qeyd edilir ki, "Əks göstəriş sertifikatı”nın qüvvədə olma müddəti anemnezidə(xəstə haqqında məlumatlar, onun xəstəliklərinin tarixçəsi) olan məlumatlardan asılıdır. Sertifikat müvəqqəti və daimi verilir. Bu sənəd hamilə qadınlara və süd verən analara müvəqqəti, ağır allergik reaksiyası, peyvəndin birinci dozasından sonra ağırlaşmaları olanlara isə müddətsiz verilməlidir. Ötən həftə nazirlik bildirib ki, 300-dən artıq vətəndaş artıq bu sənədi alıb.
Vətəndaşlar sosial şəbəkələrdə bu sertifikatı almaqda çətinliklərlə üzləşdiklərini bildirirlər. Əsas narazılıqlar ümumiyyətlə, sertifikatın verilməməsi və komissiyadan cavabın gec verilməsi ilə bağlıdır. Xatırladaq ki, sentyabrın 1-dən qüvvəyə minən qadağalar vaksin və immunitet sertifikatı olmayanlara, habelə "Əks göstəriş sertifikat"ı ala bilməyənlərə aiddir. Bu sənədi almaq üçün nazirlikdən cavab gözləyən minlərlə vətəndaş bir həftədən çoxdur ki, maneələrlə üzləşir.
"AzPolitika.info"-ya danışan Bakı sakini Rafiqə Hüseyinova bildirir ki, 10 gündən artıqdır sertifikat üçün yerli poliklinikaya müraciət edib, amma heç bir cavab ala bilməyib. İş yerindən isə müvafiq sənədi tələb edirlər. O, nəticədə işini itirmək təhlükəsilə üzləşdiyini deyir.

Digər həmsöhbətimiz Sənan Kərimli isə sertifikat almaq üçün lazımi sənədləri poliklinikaya verib. Həmçinin o, İGE analizinin nəticəsi normadan yüksək çıxmasına baxmayaraq hələ də cavab almadığını deyir. Nəticədə işə gedə bilmədiyi hər gün maaşından faiz tutulur, amma gözlədiyi sənədi alsa belə, həmin günlərə görə ona kompensasiya ödənilməyəcək.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, yaranan gecikmələr müraciətlərin sayının çox olması və bəzi vətəndaşların məlumatları düzgün qeyd etməməsilə əlaqədardır. 

"Vətəndaş komissiyaya müraciət etdiyi gündən, 15 gün müddətində müraciəti cavablandırılır", - deyə məlumatda qeyd olunur.

Yaxın günlərdə vaksin olunan Nuray Məmmədova "AzPolitika.info"-nun əməkdaşıyla söhbətində bildirib ki, Səhiyyə Nazirliyinin açıqlaması ilə xəstəxana həkimlərinin rəyləri bir-birinə ziddir. Həmsöhbətimzin xroniki allergik xəstəliyi olsa da ona sertifikat verilməyib. Sonda məcbur qalıb, vaksin olunmaq qərarına gəlib. Həkimlər isə ona "vaksin sizin üçün risklidir" deyiblər. Nəticədə peyvənddən bir-neçə gün sonra onda allergik ataklar yaranmağa başlayıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Allerqoloq Nigar Həşimova "AzPolitika.info"- ya bildirib ki, allergik xəstəliklər vaksin üçün əks göstəriş hesab olunmur: "Vaksindən 1-2 gün öncə öz pasiyentlərimə simptomları nəzarətdə saxlamaq üçün dərman təyin edirəm. Bu, xəstəni həm psixoloji olaraq rahatladır, həm də yarana biləcək allergik reaksiyanın qarşısını alır. Astma xəstələrində əgər hal- hazlırda ataklar, boğulma, tənginəfəslik kimi kəskin simptomlar yoxdursa, peyvənd oluna bilərlər. Allergik xəstələrin peyvənddən öncə hansısa analiz vermələrinin heç bir anlamı yoxdur".

Digər qaranlıq məqam isə südverən analarla bağlıdır. Səhiyyə Nazirliyi tərəfindən analara onların südəmər uşaqlarının yaşına görə məhdudiyyəti qoyulmasa da, poliklinikalardakı həkimlər belə bir məhdudiyyəti özləri müəyyənləşdirməyə çalışırlar. Həkimlər qeyd edir ki, uşaq ən azı 1 yaşına qədər ana südü ilə qidalanmalıdır. Bu müddətdə vaksin olunmaq məsləhət görülmür. "Əks göstəriş sertifikatı" verilərkən isə qanunsuz olaraq bu müddət 3-4 aya endirilir və müraciət edən şəxsə vaksin olunmaq tövsiyə olunur.

Onu da qeyd edək ki, daxil olan bəzi məlumatlara görə, rayonlardan Səhiyyə Nazirliyinin müvafiq komissiyasına "Əks göstəriş sertifikatı" üçün müraciətlərin göndərilməsi praktiki olaraq mümkün deyil. Məlumata görə, yerli tibb müəssisələrinə qeyri-rəsmi şəkildə bildirilib ki, müraciətlərin göndərilməsi dayandırılsın. Ona görə də çoxlu sayda müraciət yerli poliklinikalarda baxılmamış qalıb.



Ana səhifəyə qayıt        Baxış: 2 788          Tarix: 11-09-2021, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma