Xəbər lenti

 

Badamdar sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, sürüşmə sahəsi üzərində xırda uçqunlar qeydə alınıb. Sürüşmə sahəsinin sağ və sol hissəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Ovqat.com-un fikirlərini öyrəndiyi ekspertlər isə eyni nikbinliyi bölüşmürlər. Onların fikrincə, sürüşmə zonasında kiçik aktivliklərin görünməsi belə, böyük risklərin ilk xəbərçisi ola bilər.  Bildirildiyinə görə, bütün böyük sürüşmələr ilk öncə kiçik qopmalarla başlayır, daha sonra yamaclar, təpələr ağnayıb aşağıya tökülürlər.

Hər il dünyanın müxtəlif ölkələrində baş verən sürüşmələr bəzən böyük fəlakətlərə də yol açır. Məsələn, 2014-cü ilin payızında Əfqanıstanda şiddətli yağışdan sonra baş verən topraq sürüşməsində 2 mindən artıq insan ölmüşdü.  Ötən il Sierra Leone də eyni fəlakəti yaşayan dövlətlər sırasına adını yazdırmışdı. 14 avqust 2017-ci il tarixində yaşanan bu fəalkət 350-dən çox adamı udmuşdur.

Yaxın onilliklərdə qeydə alınan sürüşmələr nəticəsində bir gecənin içərisində torpaq altında qalan kəndlər, qəsəbələr olmuşdur. Bəzən itirilən insan sayları minli rəqəmlərlə hesablanmışdır.  Odur ki, mütəxəssislər gərginlik ocaqlarında aktivliyin nisbiliyinə arxayınlaşmağın yanlış olacağı qənaətindədirlər.

 

“Müşahidələr göstərir ki, torpaq sürüşmələrindən ən çox əziyyət çəkənlər bu fəlakətə barmaqarası baxanlardır. 2014-cü ilin may ayında Əfqanıstanın Bədəxşan bölgəsindəki iki kəndində əvvəl kiçik torpaq sürüşmələri olmuşdu. Kəndlilər fəlakətin keçdiyini düşünüb öz evlərindən uzaqlaşmamışdılar. Gece kəndləri əhatəyə alan təpə birdən-birə ağnayaraq onları öz ağuşuna almışdı. Bədəxşan valiliyinin rəsmi məlumatına görə, hadisədə 2100-dən artıq insan torpaq altında qalmışdı. O zaman bu fəlakətin əsl səbəbi kəndlilərin sürüşmə siqnalı verən qopmalara laqeyd qalmaları və öz evlərini tərk etməmələri olmuşdu”- adının çəkilməsini istəməyən həmsöhbətlərimizdən biri belə deyir.

 

Bəs, torpaq sürüşmələri nədən baş verir və onların qarşısını almaq mümkündürmü?

Rəylərini öyrəndiyimiz mütəxəssislər sürüşmələrin müxtəlif səbəblərdən baş verdiyini düşünürlər. Onların fikrincə, ekoloji sistemin pozulması, havaların yağmurlu keçməsi kimi hadisələr sürüşmə risklərini artıran amillərin başında gəlir: “Xüsusilə yamaclarda ağacların kəsilməsi, uca binaların fundamentinin qazılması torpaq səthinin müqavimətini azaldır və bundan sonra baş verən mövsümi yağışlar belə, torpaq sürüşmələrinə yol açır. Böyük ehtimalla, Bakının bəzi bölgələrində qeydə alınan sürüşmələrin də əsas səbəbi bu iki amildir”.

Mütəxəssislər Badamdar yamacında sürüşmənin dayandırılmasının mümkün olduğunu, amma bunun qısa müddətdə tamamlanmayacağına inanırlar: “Bunun üçün yamaç ağaclandırılmalı, ağacın kökləri dərinliyə işləyib, torpaq “axma”larının qarşısını almalıdır. Bu da bir neçə ilə həyata keçirilə biləcək işdir. Nə yazıq ki, Bakı meriyası illərlə “gəldim” deyən bu təbii fəlakətin verdiyi mesajı anlamaq istəyib, başını paytaxtın müxtəlif yerlərində torpaqları satmağa qatıb. Meriyanın satdığı ərazilərdə isə ağaclar kəsilib, binaların fundamenti qazılıb və torpaq sürüşmələri üçün zəmin hazırlanıb”.

Dünyada obyektivlərə yaxalanan böyük sürüşmələrdən bəzilərini diqqətinizə çatdırırıq:




Ana səhifəyə qayıt        Baxış: 1 130          Tarix: 19-10-2018, 20:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma