Xəbər lenti

 

Ovqat.com-un Söhbət rubrikasının bugünkü qonağı şair Tofiq Həsənlidir.

Bir müddət əvvəl azadlığa çıxan şairlə söhbətimiz əsasən məhbəs həyatından oldu. Şairlə “atüstü söhbəti”mizi təqdim edirik:

 

-Salam, Tofiq bəy, həmişə azadlıqda. Xeyli müddətdir azadlığa buraxılmağınıza baxmayaraq, bizim ilk dəfə qonağımız olursunuz. Ona görə də söhbətimizə məhbəs günlərinizdən başlamaq istərdim. Nə qədər müddət məhkum idiniz  və necə keçdi bu illər?

 

-Salam. Hər vaxtınız xeyir. Deyir; hər şərdə xeyir var. Məhkəmə qərarı ilə 6 il iş kəsildi. 3 il 5 ay yatdım. Bu müddətdə mütaliə ilə məşğul oldum. İslam ədəbiyyatını, fəlsəfəsini oxudum.

 

-Yeri gəlmişkən, niyə həbs olunmuşdunuz?

 

-Şeirlərimə görə. Həbs olunmazdan öncə "Azadlıq" radiosuna müsahibə vermişdim. Qeyd etmişdim ki, mənə üç dəfə fəaliyyətimi dayandırmaq barədə xəbərdarlıq edilib. İnsafən onu da deyim ki, həbsdə olarkən mənə qarşı heç bir fiziki təsir, işgəncə göstərilməyib. Heç ağır söz belə eşitməmişəm. Rəbbimə şükürlər olsun ki, haqq öz yerini tapdı. Həzrəti Əli demişdir ki, sən Haqla  ol, Haqq özü səni qoruyacaq.

 

-Siz məhkum olarkən ziyarətinizə hansı ədəbiyyat adamları gəldi?

 

-Ədəbiyyat adamlarından heç kim gəlmədi. Öz yaxın ailə üzvlərim və vəkil tez-tez ziyarət edirdi. Bir dəfə Hilal Məmmədov və Mətləb Mütəllibov gəlmişdi. Mən yanımdan çox məhkəməyə gəlməklərini istəyərdim. Təəssüflər olsun ki, məhkəmə prosesi bəzən boş zalda keçirilirdi. Mən istərdim ki siyasətçilər, ədəbiyyatçılar, jurnalistlər hamısı gəlsin.

 

-Tofiq Həsənlini sosial şəbəkədə dəstəkləyənlər, alqışlayanlar şair tutulandan sonra ona dəstək vermədi. Bu təzadlı mövqe nə ilə əlaqədardır?

 

-Sizinlə razı deyiləm. Çoxları öz yazılarında məni dəstəkləyiblər. Şairlər, siyasətçilər haqqımda yazıblar. Mümkündür ki, həbsimdən sonra məni dəstəkləyənlər gözlədiyinizdən az olub. Amma mən bunu gözləyirdim.  Mən həbs olunmazdan öncə mənə söyləmişdilər ki, yazma, ziyarətinə gələn olmayacaq. Mən də dedim; ona görə yazmıram ki, kimsə ziyarətimə gəlsin. Mən heç kimi qınaya bilmərəm. Ziyarətimə gələn, gəlməyən - hərkəs sağ olsun. Gələ bilməyib köməklik göstərənlər də sağ olsun…

 

-Azərbaycan oxucusu sizi bir şeiri üçün tamaşaçılar önündə ağlayacaq qədər incə, hakimiyyətə qarşı ən kəskin mübarizə aparacaq qədər sərt ürəkli birisi kimi tanıdı. Bu iki zidd xarakteri bir arada tutmaq çətin deyil ki?

 

-Həqiqətən mən çox kövrək adamam. Tamaşaları, filmləri izləyərkən təsirli səhnələrdə tez kövrəlirəm. Elə məsələlər var ki, çoxu susmaz, amma mən susuram. Bəzilərində isə çoxu danışmır, mən isə danışıram. Bunun səbəbini özüm də bilmirəm. Mən Tanrı tərəfindən belə yaradılmışam. Ürəyim istəyəndə yazmışam, sözümü demişəm. Yəni mən tamamilə azad adamam.

 

-Bizdə hakim olan bir qənaət var: Ziyalılar, söz və sənət adamları siyasətə qarışmamalıdırlar. Bu fikrə münasibətiniz.

 

-Ziyalı xalqın taleyinə laqeyd yanaşırsa, onu ziyalı adlandırmaq olmaz. Mən sevgi şeirlərində də ictimai mövzulara toxunuram.

 

-Dörd divar arasında ən çox nəyi xatırlayırdınız və nədən ötrü darıxırdınız?

 

-Təbii ki, anam üçün çox darıxmışam. O mənimlə nəfəs alır. 80-dən çox yaşı var. Çox çətinliklə üç il dözüb. Təklik üçün də  çox darıxırdım. Yalnız sübh namazından bir az öncə və azandan sonra məsciddə tək qalmaq olurdu.

 

-Şair və məhbəs həyatı. Şairlər azad təbiətli olurlar. Məhbəs izə azadlıqların məhdudlaşdırıldığı məkandır. Bir-biri ilə ziddiyyət təşkil etsə də, adətən yaxşı şairlərin yolu məhbəsdən keçir. Amma məhbəs həyatı həm də şairə yaradıcılıq üçün bol mövzu və zaman verir. Məhbəsdə olarkən heç şeir yazdınızmı? Yazdınızsa, ən xoşunuza gələni bizim üçün səsləndirmənizi rica edərdim.

 

-Əslində hansısa cəhətdən məhkum olunmuş olsam belə, bəzi cəhətdənlərdən azad idim. Şəxsən təkliyi çox sevirəm. Həbsxanada məscidin oxu zalında çoxlu şeirlər yazdım. Onlardan biri:

 

Haqqın dilindən gəlmişəm,

Haqqı bilib də gəlmişəm,

Sözün belindən gəlmişəm,

Elə mənlikdi şairlik.

 

 

Həyatım şeir budağı,

Sinəm üstə şair dağı,

Anam məni şair doğub.

Elə mənlikdi şairlik.

 

Əbədiyyətdir marağım,

Yox qələmim ,yox varağım.

Sözün boynunda var haqqım

Elə mənlikdi şairlik.

 

Söz pıçıltım, harayım,

Söz sandığım, söz çarpayım,

Zindanında da var payım,

Elə mənlikdi şairlik.

 

Hər yerdə məskənimdir söz

Mən sözünəm mənimdi söz

Gorumdur kəfənimdir söz

Elə mənlikdi şairlik.

 

Söhbətləşdi: Məhəmmədəli Abbaszadə




Ana səhifəyə qayıt        Baxış: 364          Tarix: 16-08-2019, 21:39      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent