Xəbər lenti

 

Bu işlər barədə yazdıqlarımı dostum vəkil Elton Quliyevə həsr edəcəm. Əslində bu yazının müəllifi odur. Çünki yazı demək olar ki, bütövlükdə Elton bəyin hazırladığı vəsatət və şikayətlərdən hazırlanıb. 
Elton Quliyev mənim tanıdığım barmaqla sayıla biləcək qədər az olan peşəkar vəkillərdən biri, bəlkə də birincisi idi. Allah ona rəhmət etsin. Eltonda dəyər verdiyim əsas xüsusiyyətlərdən biri onun işə olan münasibəti idi. Adam saatlarla, günlərlə yazı masasından ayrılmadan işləyə bilərdi. Qibtə edirdim onun bu işgüzarlığına. “İşqolik” adamlar çoxdu, amma bununla yanaşı, Eltonun faydalı iş əmsalı da müqayisə edilməz dərəcədə yüksək idi. Adam işinə canını qoyurdu və qoydu da…”

AzPolitika.info xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov mərhum vəkil dostu Elton Quliyev haqqında yazıb. O, Elton Quliyevin xahişi ilə onun xəstə olduğu dövrdə vəkil kimi bir işə qoşulduğunu və müyyən müddət müdafiə məsələsini həyata keçiridiyini bildirib. Həmin işlə bağlı sensasiyalı faktlar açıqlayıb:

NİCAT QULİYEVİ MTN NECƏ TUTDU?

1566021512_nicat-quliyev-300x2417 avqust 2013-cü il tarixdə saat 19 radələrində Nicat Quliyev Novxanı qəsəbəsində yerləşən atasına məxsus bağ evindən çıxıb, həyat yoldaşının “Toyota Rav-4” markalı avtomobilini idarə edərək, yaxınlıqdakı təsərrüfat malları mağazasına gedib. Onun arxasınca daxil olan tanımadığı bir neçə nəfər mülki geyimli şəxs özlərini təqdim etmədən və səbəbini izah etmədən N.Quliyevin qollarını qandallayaraq, mağazadan çıxarıb, gəldiyi avtomobilin arxa oturacağına mindirərək, həmin yerdən uzaqlaşdırıblar.

Bu şəxslər 7-8 nəfər olub. Avtomobili onlardan biri idarə edib. Daha bir nəfər avtomobilin ön sağ oturacağında, iki nəfər isə arxada Nicat Quliyevin böyründə oturub. Digər şəxslər isə başqa avtomobillərdə onların arxasınca hərəkət ediblər. Mağazadan təxminən 500 metr aralandıqdan sonra avtomobilləri yolun kənarında saxlayaraq, Nicat Quliyevi əlləri qandallı vəziyyətdə maşından düşürüblər. Ona bildirilib ki, avtomobilə baxış keçiriləcək. Nicat Quliyev vəkilinin dəvət olunmasını tələb edərək, istənilən tədbirdə məhz vəkili ilə iştirak edəcəyini bildirib.

O, yay vaxtı Novxanı bağ massivinə gedən yolun üstündə, avtomobillərin intensiv hərəkətdə olduğu yerdə əli qandallı vəziyyətdə nümayiş etdirilməsinə etiraz edərək, qandalların açılmasını tələb etsə də, buna məhəl qoyulmayıb. Onu bu vəziyyətdə avtomobildən 6-7 metr arxada saxlayaraq maşının yük yerində və salonunda axtarış aparılıb. Bu hərəkətin keçirilməsinə səlahiyyət verən heç bir sənəd Nicat Quliyevə göstərilməyib.

Axtarışı onu saxlayan şəxslərdən biri aparıb. Nicat Quliyev bu tədbirin keçirilməsində iştirak etmədiyi üçün onun necə keçirilməsini görməyib. Bu tədbirin nəticələri ona bildirilməyib, tərtib edilən protokol da təqdim olunmayıb. O, avtomobildən tapança “tapıldığını” sonradan müstəntiqdən eşidib.

Tapançanı qoyub-götürmə əməliyyatı başa çatdırıldıqdan sonra Nicat Quliyevi yenə avtomobilin arxa oturacağına əyləşdirib Milli Təhlükəsizlik Nazirliyinin (MTN) inzibati binasına aparıblar. Yaşadığı bağ evinin bir neçə yüz metrliyindən keçmələrinə baxmayaraq, ona ev paltarlarını dəyişməyə, yolunu gözləyən ailə üzvlərini məlumatlandırmağa, ayağına corab geyinməyə belə imkan verilməyb.

1566021464_untitled-1

Bundan 4-5 saat sonra 23.30 radələrində MTN-in 20-dən çox əməkdaşı Nicat Quliyevin yaşadığı bağ evinə gəliblər. Evdə yalnız həyat yoldaşının və azyaşlı qız uşaqlarının olduğunu bilə-bilə, divarın üstündən aşaraq həyətə daxil olublar. Həyat yoldaşı Vüsalə Axundzadə darvazalarının qarşısında səs-küy olduğunu eşidən kimi evdən çıxıb qapıya yaxınlaşaraq, kimlərin olduğunu soruşmadan qapını açıb. Qapını açdığı anda bir-birinin ardınca darvazanın üstündən həyətə tullanan maskalı və silahlı şəxsləri görüb bərk qorxub, qarşısındakı adamlardan nə baş verdiyini soruşub.

Həyətə qapıdan və hasarın üstündən daxil olan, əksəriyyəti maskalı və silahlı olan şəxslər həyətin hər tərəfinə səpələndiklərindən Vüsalə Axundzadə onları sayını müəyyən edə bilməyib. Yalnız qardaşı və bacısı onlara gələndən sonra onların sözlərindən bilib ki, həyətə 20-dən çox silahlı və mülki geyimli şəxs daxil olub. Bu şəxslərdən biri Vüsalə Axundzadəyə özünü müstəntiq kimi təqdim edərək, mənzilə daxil olub axtarış keçirəcəklərini bildirdikdə, Nicat Quliyevin həyat yoldaşı evin içinə məhdud sayda adam buraxacağını deyib və yalnız 4 nəfəri evə buraxıb. Nicat Quliyev MTN əməkdaşlarının sərəncamında olsa da, onun evdə aparılan axtarışda iştirakı təmin edilməyib…

GECƏ SƏHƏRƏ KİMİ DAVAM EDƏN AXTARIŞ

Gecə saat 23.30-dan səhər saat 7-ə qədər axtarış aparılıb. Axtarışın aparılması haqqında məhkəmə qərarı olmayıb. Axtarış aparılmazdan əvvəl Nicat Quliyevin ailə üzvlərinin mobil telefonları alınıb və onlara evdən çıxmaq qadağan edilib.Nəyin axtarılması izah edilmədən evdən həm Nicat Quliyevə, həm də onun ailə üzvlərinə, o cümlədən 17 və 13 yaşlı qızlarına məxsus sənədlər, kompüterlər, şəxsi həyata aid fotoşəkillər və videokassetlər, dəmir seyf və 8000 avro məbləğində pul götürülərək aparılıb.

Axtarış protokolunda sadalananlardan başqa guya bağ evinin həyətindən 3 ədəd avtomat silah və 3 ədəd sandıqçası, 3 ədəd tapança və 3 ədəd sandıqçası, 5 ədəd qumbara alışdırıcı ilə birlikdə 5 ədəd “F-1” tipli əl qumbarasının gövdəsi, 26 ədəd avtomat patronu, 27 ədəd tapança patronu aşkar edildiyi və götürüldüyü göstərilib.

Vüsalə Axundzadə həyətdə aparılan axtarışda iştirak etmədiyindən bağ evində və həyətində heç vaxt silah olmadığından, silahın guya aşkar edildiyi yardımçı otaqda hovuz ləvazimatlarını yerləşdirmək üçün özünün iki gün əvvəl təmizlik işləri apardığını və ümumiyyətlə, ailə üzvlərinin heç birinin silah saxlamadıqlarını bildirərək, protokola yazılanların iftira olduğunu qeyd edib.

Bağ evində də silahların qoyulub götürülmə prosesi qurtardıqdan sonra 8 avqust 2013-cü ildə səhər saat 7.30-dan 8.55-dək Nicat Quliyevin qeydiyyatda olduğu Adil İsgəndərov küçəsi- 1, mənzil 8/17 ünvanda axtarış aparılıb. Həmin mənzildə təmir hələ tam başa çatdırılmadığından və mənzil boş olduğundan ora silah-sursat atılmayıb.

Bağ evində və mənzildə axtarışlar da qanunsuz aparılıb. Axtarışların hüquqi əsası kimi müstəntiqin 7 avqust 2013-cü il tarixli qərarları təqdim edilib. Bu qərarların özü qanuni hesab edilə bilməz. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti funksiyasını yerinə yetirən məhkəməyə göndərilən rəsmi məlumatlarda axtarışların mücərrəd şəkildə “təxirəsalınmaz hal yarandığı üçün aparıldığı” göstərilsə də, əslində, belə hal mövcud olmayıb.

Saxlanıldıqdan bir neçə saat sonra nəhayət, Nicat Quliyev müstəntiqin xidməti otağına gətirilib. Müstəntiq tərəfindən həmin gün saat 22.55-də şübhəli şəxs qismində tutulub. Bu vaxta qədər o, 4 saat ərzində qanunsuz olaraq azadlıqdan məhrum edilib. Müstəntiq tutmanın səbəbini izah edərkən Nicat Quliyevə məlum olub ki, onun həmin gün ilk dəfə idarə etdiyi avtomobildən tapança “tapılıb”.

O, avtomaşında tapança olmadığını, tapançanın onu saxlayan şəxslərin özləri tərəfindən qoyularaq götürüldüyünü bildirib, bu qanunsuzluğa etiraz edib və ifadə verməkdən imtina edib. O, müstəntiqdən öz istədiyi vəkillə təmin olunmasını tələb edib. Lakin onun bu qanuni tələbinə də məhəl qoyulmayıb. Əvəzində müstəntiq cinayət prosessual qanunun aydın və konkret tələblərini pozaraq,  müdafiəçi qismində özünün münasib bildiyi vəkili dəvət edib. Nicat Quliyev ona iradəsi əleyhinə təyin edilən vəkilin xidmətlərindən imtina edib. Bununla belə o, yenə də öz müdafiəçisi ilə təmin olunmayıb və sonrakı istintaq hərəkətləri, o cümlədən onun şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələrinin izah edilməsi, şübhəli şəxs kimi dindirilməsi cəhdi və sair müdafiə hüququ pozulmaqla həyata keçirilib.

mtn-milli-tehlukesizlik-nazirliyi-milli-tehlukesizlik-nazirliyi

8 avqustda ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilib. MTN-nin versiyasına görə, Nicat Quliyev ona görə təqsirli bilinib və həbs olunub ki, «istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah sayılan istifadəyə yararlı 2 (iki) ədəd 5,45 mm çaplı «2455701» və «3253751» nömrəli «AK-74» konstruksiyalı, 1 (bir) ədəd 7,62 mm çaplı «PK 5331» nömrəli «AK-47» konstruksiyalı avtomatik tüfəngləri, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 3 (üç) ədəd sandıqçanı, təyinatı kustar üsulla dəyişdirilmiş odlu silah sayılan istifadəyə yararlı 4 (dörd) ədəd 9 mm çaplı «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli «Makarov MP 371» modelli tapançaları, onlara aid olan odlu silahın komplekt hissəsi sayılan 4 (dörd) ədəd sandıqçanı, döyüş sursatı sayılan istifadəyə yararlı 6 (altı) ədəd «F-1» tipli qəlpəli əl qumbarasının gövdəsini, 6 (altı) ədəd qumbara alışdırıcı ilə birlikdə, 26 (iyirmi altı) ədəd 5,45 mm çaplı avtomat patronunu və 35 (otuz beş) ədəd 9 mm çaplı tapança patronunu qanunsuz olaraq əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır.

SAXTA EKSPERTİZA ARAYIŞI VƏ RƏYLƏR

Müstəntiq Nicat Quliyevin tutulmasını əsaslandırmaq üçün tapançanın odlu silah kimi yararlı olması haqqında 061 saylı 7 avqust 2013-cü il tarixli mütəxəssis rəyindən istifadə edib. Bu tapançalar ilk olaraq Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat Texniki İdarəsinin Kriminalistik tədqiqatlar şöbəsinin mütəxəssisi Əsgərov Mövsüm Qəzənfər oğlu tərəfindən tədqiq edilib və tədqiqatın nəticələrinə dair 061 saylı 7 avqust 2013-cü il tarixli və 062 saylı 8 avqust 2013-cü il tarixli mütəxəssis rəyləri alınıb. Bu rəylərin tapançalara aid hissəslərində qeyd edilir ki, “1337103376”, “1337103518”, “1337103679” и “1337103716” nömrəli tapançaların hamısı keçmiş SSRİ istehsalı olan PM tipli “Makarov” konstruksiyalı tapançalardır.

Mütəxəssis rəyi kifayət etmədiyindən müstəntiq kompleks məhkəmə ballistik və daktiloskopik ekspertiza təyin edib. Ekspertizanın 26 avqust 2013-cü il tarixli 14629/30 saylı rəyində MTN-nin mütəxəssisinin rəyində olduğu kimi tapançalar zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” (“ПM”) konstruksiyalı yivli odlu döyüş silahı kimi təqdim edilib. Ekspert Ruslan Qarayevin bu rəyində tapançaların lülələrinin dəyişdirildiyinə, ötürücünün lövhələrinin yonulduğuna dair heç bir müddəa yoxdur.

Bu ekspertizadan sonra tapançalar eksperimental atəş açılması və atılmış güllə və gilizlərin qəbul edilmiş qaydalara uyğun DİN-in güllə-giliz kartotekasına yerləşdirilməsi üçün DİN-ə göndərilib. İstintaqa Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən 2020 saylı 4 dekabr 2013-cü il tarixli məktub daxil olmuşdur. Məktubda “1337103376”, “1337103518”, “1337103679” və “1337103716” nömrələr olan tapançaların təyinatlarının kustar üsulla odlu silaha dəyişdirilmiş Rusiya istehsalı “Makarov MP-371” modelli siqnal tapançaları olduğu göstərilib. (Bu məktub barədə bir qədər sonra)

bannerwide

İstintaq orqanı məcburiyyət qarşısında yenidən ballistik ekspertiza təyin edib və 24 dekabr 2013-cü il tarixli 21388/89 saylı ekspert rəyi alınıb. İkinci ekspertiza “əlavə” ekspertiza adlandırılsa da, qoyulan suallar nöqtə-vergülünə qədər əvvəlki ekspertiza qarşısında qoyulan suallarla eynidir. Əlavə ekspertizanın təyin edilməsi DİN dən alınmış məktubla əsaslandırılıb. Əslində təkrar olan bu ekspertiza qanunsuz olaraq birinci rəyi verən ekspert Ruslan Qarayevə həvalə edilib.

24 dekabr 2013-cü il tarixli 21388/89 saylı ekspert rəyində isə Ruslan Qarayev tapançaların MP-371 modelli zavod üsulu ilə hazırlanmış siqnal tapançaları olduğunu qeyd edib. Eyni zamanda ekspert göstərib ki, hər silahın lüləsi 9×18 mm kalibrli patronların atılması üçün daxilində yivlər olan lülə ilə əvəz edildiyindən təyinatları dəyişdirilmişdir və atəş açmaq üçün yararlı odlu silah hesab edilirlər.

Əlavə ekspertizanın rəyində ekspert əvvəlki tədqiqat zamanı silahda dəyişiklikləri görməməsinin və rəylər arasındakı fərqlərin səbəblərini şərh etməyib. Belə çıxır ki, Daxili İşlər Nazirliyindən silahların siqnal tapançası olduğuna dair məktub daxil olmasaydı, onlar israrla Makarov tapançaları kimi sırınaraq qəbul ediləcəkdi.

Rəylər arasındakı fərqi ekspert Ruslan Qarayev müstəntiq tərəfindən dindirilərkən texniki səhv kimi qələmə verib.Bu ifadə barəsində də bir qədər sonra qeydlərim olacaq. Eyni məzmunlu ifadəni Milli Təhlükəsizlik Nazirliyinin Mövsum Əsgərov mütəxəssisi də verib və göstərib ki, tapançaların siqnal tapançaları olduğunu öz rəylərində TEXNİKİ SƏHV olaraq göstərib.

MP-371 siqnal tapançası yalnız “İjevsk Mexaniki Zavod” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunur. Həmin zavod həm də Makarov tapançalarını istehsal edir. Bu tapançalar zavod tərəfindən “MP-371 siqnal tapançası” adlandırılır.Tapançanın adının nə əvvəlində, nə sonunda “Makarov” sözü yoxdur, çünki bunlar ayrı-ayrı məhsullardır. Elton bəy hətta tapançaların şəklini çəkərək aydın olması üçün şikayətlərinə əlavə edirdi. Mən həmin şəkli təqdim edirəm…

68972916_10213350480908325_6822875451745107968_n

 Vaxtı ilə mən dostum mərhum vəkil İsaxan Aşurovla (Allah ona da qəni-qəni rəhmət etsin) birlikdə bir cinayət işi üzrə vəkil idik. Həmin işdə keçən Makarov tipli tapança ilə bağlı onu istehsal edən İjevsk Mexaniki Zavoduna məktub yazmışdım və heç gözləmədiyim halda zavod məktubuma əhatəli cavab vermişdi.

Elton Quliyev bu işdən və məktubdan məlumatlı idi. Mənə bu barədə dedikdən sonra o da siqnal tapançalarının lüləsini dəyişməklə və ötürücüsünü yonmaqla odlu silaha çevrilməsinin mümkünlüyünü, habelə, tapançanın əmtəə görünüşünə və konstruksiyasının özəlliklərinə aid digər sualları aydınlaşdırmaq məqsədi ilə İjevsk Mexaniki Zavodun Baş konstruktorunun müavini cənab D.N.Varlamova həm zavodun expert@baikalinc.ru elektron poçt ünvanına, həm də zavodun yerləşdiyi Rusiya Federasiyası, 426063, İjevsk şəhəri, Promışlennaya keçəsi, 8 ünvana məktub göndərib.

Cənab Varlamovun elektron poçtu vasitəsilə göndərdiyi 3 sentyabr 2014-cü il tarixli 1143/158-16 saylı məktubundan aşağıdakılar məlum olur:

- MP-371 siqnal tapançaları yalnız “İjevsk Mexaniki Zavodu” Açıq Səhmdar Cəmiyyətində, özü də 2010-cu ildən başlayaraq istehsal olunur;
- MP-371 siqnal tapançalarının istehsalı başlayan vaxtdan onların istisnasız olaraq hər birinin sürgüsünün sol yan tərəfində «МР-371 КВ Жевело-Н Пистолет сигнальный» zavod nişanı həkk edilir və bu nişan olmadan tapançaların, o cümlədən «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli tapançaların dilerlərə verilməsi mümkün deyil;
- «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrələrin müxtəlif illərdə istehsal olunmuş tapançalarda təkrarlanması mümkün deyil;
- MP-371 siqnal tapançalarının konstruksiyasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əmri ilə təsdiq olunan kriminalistik tələblərə müvafiq olaraq tapançaların başqa sursata uyğunlaşdırmaq üçün düzəldilməsini istisna edən konstruktor-texniki həllər nəzərdə tutulub.

İstehsalçı zavoddan alınan məlumatlar özü-özlüyündə tapançaların Nicat Quliyevə aid olmadığını birbaşa sübut etməsə də, bütövlükdə ibtidai və məhkəmə araşdırmalarının, o cümlədən həm də aparılan tədqiqatların qərəzli olması barədə birmənalı nəticə çıxarmağa kifayət qədər ciddi əsaslar verir. Elton Quliyev bununla da kifayətlənmir. Siqnal tapançaların hara getməsi ilə maraqlanıb araşdırmasını davam etdirir.

elton

O, İjevsk Mexaniki Zavoduna və RF-də yerləşən digər orqanlara rəsmi sorğu göndərərək «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli MP 371 siqnal tapançalarının nə vaxt istehsal edildiyi, nə vaxt və kimə satıldığı barədə məlumat verməyi xahiş edib.

İjevsk Mexaniki Zavodunun Baş direktorunun Rejim və təhlükəsizlik üzrə Müavini cənab V.V.Karlov 161-0331-РиБ №-li 23 may 2014-cü il tarixli cavab məktubunda bildirib ki, «1337103376», «1337103716», «1337103518» və «1337103679» nömrəli МР-371 siqnal tapançalarını İjevsk Müxaniki Zavodu 2013-cü il martın 15-də istehsal edib və 2013-cü il martın 21-də 13СК0138 №-li qutuda Moskva vilayətinin Klimovsk şəhərində yerləşən “Tеmp” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Темп”) satılıb.

Elton Quliyev rəsmi məktubla “Temp” MMC-yə müraciət edib. Müraciətə Cəmiyyətin Baş Direktoru cənab G.L.Lısenkonun imzası ilə 14 iyul 2014-cü il tarixli cavab məktubu alınıb. Cənab Lısenko İjevsk Mexaniki Zavodun məlumatlarını təsdiq edərək həqiqətən 26 mart 2013-cü il tarixdə zavoddan «1337103376», «1337103716», «1337103518» və «1337103679» №-li, həmçinin 1042 saylı cinayət işində keçən «1337103410», «1337103467», «1337103547», «1337103673», «1337103699» və «1337103723» №-li tapançaları da olan cəmi 75 ədəd МР-371 siqnal tapançalarının alındığını bildirib.

Məktubda eləcə də göstərilib ki, həmin tapançaların hamısı 26 mart 2013-cü il tarixdə 2611 №-li Əmtəə qaiməsi ilə İjevsk şəhərində yerləşən “Kornet” Məhdud Məsuliyyətli Cəmiyyətinə (ООО “Корнет”) satılıb.

Bununla kifayətlənməyən Elton Quliyev “Kornet” MMC-yə gedib və ora sorğu təqdim edib. Cəmiyyətin Direktoru cənab İ.A.Xayrullin 28 iyul 2014-cü il tarixli 176 saylı cavab məktubunda onun rəhbərlik etdiyi Cəmiyyətdə MP-371 siqnal tapançalarının nömrələrlə uçotunun və tapançaların alıcılarının qeydiyyatının aparılmadığını, bunun Rusiya Federasiyasının Silah haqqında Qanunu ilə tələb olunmadığını bildirib.

Bununla belə, cənab Xayrullin tapançaların ambar kitabını təqdim edib və həmin kitabda aparılan qeydlərə görə həqiqətən “Kornet” MMC-yə 2013-cü il martın 26-da 75 ədəd MP-371 siqnal tapançası daxil olub və onların hamısı 2013-cü il 2 aprel tarixində Cəmiyyətin ambarından mağazasına təhvil verilərək satılıb. Quliyev bütün toplanmış sənədləri istintaqa təqdim etsə də heç bir faydası olmayıb…

(Davamı olacaq)

P.S.Nicat Quliyev 1993-1995-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Nicat Quliyev 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Belə ki, N. Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

O dəfələrlə vaxtından əvvəl azadlığa çıxmaq üçün vəsatət qaldırsa, məhkəmələr onun bu vəsatətini qəbul etməyib. N.Quliyev onun barəsində seçilən 3 il müddəti bitdikdən sonra azadlığa çıxıb.




Ana səhifəyə qayıt        Baxış: 127          Tarix: 17-08-2019, 14:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent