Xəbər lenti

 

Bəzi mülahizələrə görə, I və II Dünya müharibələrinin əsas səbəblərindən biri planetimizin karbohidrogen ehtiyatlarını ələ keçirmək idi. Üçüncü dünya müharibəsi isə su üstündə olacaq.

Sözsüz ki, bu mülahizələr əsassız deyil. Dünya getdikcə susuzluqla sınağa çəkilir. Çünki müasir texnoloji yeniliklər kənd təsərrüfatında məhsuldarlığı artırır. Məhsuldarlıq üçün isə suya daha çox ehtiyac yaradır. Belə ki, bütün kənd təsərrüfatı məhsullarının 98%-ni su təşkil edir. Cəmi 2%-ə yaxın isə torpağın üzvü və qeyri-üzvü maddələrindən əmələ gəlir. Deməli, məhsuldarlıq artdıqca suya ehtiyacımızın böyüməsi də normaldır.

Bu da azmış kimi, karbohidrogen maddələr dünyanın gələcək enerji mənbəyi ola bilməyəcəklər. Nədən ki, bu təbii zənginliklər də artıq tükənir. Gələcəyin yanacağı olan bioenerjilər də yenə sudan əmələ gələcək. Beləcə, suyu bol olanlar dünyanın ən varlı ölkələri sayılacaqlar.

Ən başlıca amillərdən biri də dünya əhalisinin sayının durmadan artması ilə bağlıdır. Sayımız artıqca, suya ehtiyacımız da çoxalır. Bu məntiqlə yanaşanda su gələcəkdə həm qida maddəmiz, həm yanacağımız, həm də bəslədiyi bitkilər səbəbilə oksigen qaynağımız – nəfəsimiz kimi böyük əhəmiyyət daşıyacaq.

 

Bəs, görəsən, gələcəyin ən böyük sərvəti, həyatın və var-dövlətin yeganə vasitəsi olan su baxımından nə qədər zənginik?

Nə yazıq ki, bu suala nikbin cavab vermək mümkün deyil. Statistik məlumatlara görə, Azərbaycan Cənubi Qafqazın ən kasıb ölkəsidir. Bu regionun su ehtiyatının 70%-i Gürcüstanın, 20%-i Ermənistanın, cəmi 10%-i isə Azərbaycanın payına düşür.

Məsələ bununla da bitmir. Azərbaycanın payına düşən suyun 70%-i də xarici qaynaqlar hesabına ərsəyə gəlir. Özümüzdə əmələ gələn 30%-lik su ehtiyatımızı isə yığa bilmirik. Əksəriyyəti yağmur sularından ibarət olan bu ehtiyatın böyük qismi Xəzərə qarışır. Xəzərin suyu isə duzlu olduğundan nə kənd təsərrüfatı malları, nə yanacaq, nə də içəcək kimi yararlıdır.

Dərd burasındadır ki, xaricdə əmələ gələn 70%-lik ehtiyatımıza da çox güvənə bilmərik. Çünki qonşu ölkələrdə kənd təsərrüfatının inkişafı ilə bu qaynağımız da azalacaq. Bu da son deyil. Ən pisi isə odur ki, həm Gürcüstandan, həm Ermənistandan aldığımız su da getdikcə çirklənir  və istifadəyə yararsız hala düşür.

 

Üstəlik, bunu bizə düşmən olduqları üçün etdikləri də istisna deyil. Xüsusilə Ermənistanın məqsədli şəkildə suyumuzu çirkləndirdiyi barədə heç də gözardı edilə bilməyəcək iddialar var. Sizə təqdim etdiyimiz bu video da irəli sürülən həmin iddianı təsdiqləyir.

Video İranın Ermənistanla sərhədindən çəkilib. Açıq şəkildə görünür ki, ermənilər öz sənaye tullantılarını heç bir arındırma sistemindən keçirmədən Araza axıdırlar.

Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər müvafiq qurumlar bu erməni təxribatının qarşısını almaq üçün nə fikirləşirlər? Ümidvarıq ki, qaldırdığımız bu məsələylə bağlı dövlət və hökumət qurumlarımız lazımi tədbir görəcək və xalqımızı bu barədə məlumatlandıracaqlar. Axı dövlət idarə etməyin də gərəyi budur. Dövlət sükanında oturmaq təkcə (əslində heç) büdcədən ayrılan pulları “tıxışdırmaq”dan ibarət deyil, əlbəttə.

Yeri gəlmişkən, XİN-mizin çiyninə də bu məsələdə böyük yüklər düşür. Çünki ekololoji cinayətlər təkcə bir millətin dərdi deyil və bu məsələlər beynəlxalq qanunlarla tənzimlənir. Özü də transmilli su ehtiyatlarından söhbət gedirsə. Araz isə bizim və Ermənistanın olmaqla yanaşı, həm də Türkiyə və İranın su ehtiyatlarına daxildir. Azərbaycan XİN də bu faktı əsas götürüb hər iki dövləti bu məsələnin müzakirəsinə cəlb etməli və problemi BMT-nin müzakirəsinə çıxarmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 441          Tarix: 4-11-2019, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma