Xəbər lenti

 

Rusiya hərbi qüvvələrinin şəxsi heyətinin sayı artırılacaq.
Strateq.az xəbər verir ki, bunu Rusiya hökumətinin rəsmi sənədlərinin dərc olunduğu internet saytları bildirib.
Bildirilir ki, bu barədə təlimatı ölkə prezidenti Vladimir Putinin verib. Təlumata əsasən, bu ilin ilk yarısına qədər 1 milyon 897 min 694 nəfərə çıxarılan əsgər sayının ilin ikinci yarısından sonra  1 milyon 903 min 51 nəfərə qədər artırılması nəzərdə tutulur.
Rusiyanın hazırda aktiv əsgər gücünün 800 min nəfər olduğu təxmin edilir. Ehtiyatda olan hərbçi sayı isə 2.5 milyondur. Cəmi 2.5 milyon əsgər ehtiyatı olan Rusiyanın aktiv hərbi gücünü 2 milyona qədər artırması kütləvi hərbi səfərbərliyə getməklə eyni mənaya gəlir. Bu isə adətən böyük müharibələr ərəfəsində atılan addımdır.
Son zamanlar Rusiya və ABŞ-ın Qara dəniz ətrafında öz qüvvələrini aktivləşdirməsi müşahidə olunur. Tərəflər vaxtaşırı hərbi manevrlər keçirərək, güclərini nümayiş etdirir, bir-birilərinə qarşı kəskin bəyanatlar verirlər. İlk baxışdan, Putinin kütləvi səfərbərliklə bağlı verdiyi təlimat da bununla əlaqədardır.
Fəqət indiki dövrdə supergüclər arasında baş verəcək hər hansı müharibədə insanların sadəcə ölmək üçün lazım olacağını, həlledici rolun isə müasir silahlar oynayacağını nəzərə alsaq, Rusiyanın aktiv hərbi gücünü hardasa 1.5 dəfə artırmasını müharibə ehtimalıyla izah etmək xeyli çətindir. Üstəlik, indiki iqtisadi böhran vəziyyətində bu ölkənin insan gücüylə müharibə aparmağa çalışmasının maliyyəti də xeyli yüksək ola bilər. Deməli, Putinin məlum təlimatının əsl səbəbi tamamilə başqa amillərdə axtarılmalıdır.
Zənnimizcə, iqtisadi böhranın yaratdığı çətinliklər və getdikcə artan sosial narazılıqlar Kremli bu addımı atmağa vadar edir. Başda ABŞ olmaqla, NATO qüvvələriylə münasibətlərinin korlanması da əslində Kremlin işinə yarayır. Rəsmi Moskva bütün sosial narazılıqların avanqardına çevrilmə ehtimalı yüksək olan gəncləri “Böyük Rusiya təhlükədədir” şüarıyla öz nəzarəti altında tuta və müharibə əhval-ruhiyyəsi yaradaraq, onların enerjilərini xaricə yönləndirə bilər. Görünür, növbəti iki çağırışda əsgər gücünün 2 milyona qədər artırmaq da buna xidmət edir. Kreml bununla ən azı 2 milyon potensial aksiya iştirakçısını zərərsizləşdirə və  gözü yolda qalan ailələrin “müharibə baş verməsin” “müsəllasına” cəlb edə biləcək. Ölkənin daxildən parçalanma təhlükəsinin NATO qüvvələri qarşısında Rusiyanı zəiflədəcəyi ehtimalı da ölkə əhalisinin siyasi hakimiyyət ətrafında birləşməsinə səbəb olacaq.
Hər halda Kremldəkilər belə düşünə bilərlər və xarici təhlükə amili bütün diktə rejimlərinin son anda pənah apardığı sığınacaqdır. Onu da unutmayaq ki, bir müddət əvvəl Rusiyanın müxtəlif şəhərləri indiyə qədər rastlanmayacaq kütləvi etiraz aksiyaları ilə təlatümə gəldi. Putinin sözügedən təlimatı məhz bundan sonra verməsi bu mənada təsadüfi görünmür.
Heydər Oğuz
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 958          Tarix: 29-03-2017, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma