Xəbər lenti

 
"Bu gün lazım gələrsə, Ermənistan ordusunun Baş qərargah rəisi gözünü qırpmadan İskəndər raketlərindən istifadə etmək əmrini verə bilər. Qonşu ölkələr də bunu yaxşı anlayırlar".
Strateq.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağda xidmət edən əsgər və onların ailələriylə görüşdə belə deyib.
Ötən ilin aprel ayında Dağlıq Qarabağda silahlı qarşıdurmaları xatırladan Sarkisyan o zamandan bəri keçən bir il içində sərhəd qoşunlarını yeni silahlarla gücləndirdiklərini də etiraf edib: "Bu gün əlimizdə döyüşə susayan qonşumuzun ərazisindəki ən əhəmiyyətli infrastruktur və obyektlər başda olmaqla bütün istiqamətləri hədəf ala bilən müasir silahlar var".
Müşahidəçilərin fikrincə, Sarkisyanın bu çıxışının son zamanlar Ermənistanda güclənən etiraz aksiyaları ilə eyni vaxta təsadüf etməsi təsadüfi deyil. Adətən, müharibə şəraiti bütün diktatorlar üçün özünüqoruma vasitəsinə çevrilir və onlar narazı kütləni xaricdən gələn təhlükə bəhanəsi ilə ram etməyə çalışırlar. Sarkisyanın da bu sözlərinin Azərbaycandan çox, öz daxili auditoriyası  üçün nəzərdə tutulduğu güman olunur.
Ermənistan rəhbərinin Azərbaycana yönəlik təhdidinin Dağlıq Qarabağda əsgər ailələrinin yanında səsləndirməsinin bir başqa səbəbi isə onlara ruh yüksəkliyi aşılamaqla izah olunur. Xüsusilə yaxınlaşan aprel ayında yenidən Azərbaycan silahlı qüvvələrinin hərbi əməliyyatlara başlaya biləcəyindən xoflanan erməni əsgərləri özlərinı təhlükədə hiss edir və bu da onların döyüş ruhuna mənfi təsir göstərir. Görünür, bu ruh düşkünlüyünün qarşısını almaq üçün  onları Azərbaycanın bütün həmlələrinə cavab verəcək gücdə olduqlarına inam yaratmaq tələb olunur.
Rusiyadan alınan İskəndər raketini dəlil olaraq ortaya qoyulması da bu siyasətə qulluq edir. Mənzili 500 km olan bu raketlər nəzəri olaraq, həqiqətən də Azərbaycanın istənilən nöqtəsinə çatmaq qabiliyyətinə malikdir. Fəqət Azərbaycanın hərbi arsenalı da Ermənistanın təxribatlarına cavab verəcək səviyyədədir. Bu isə iki ölkənin bir-biriylə ağır silahlardan istifadə etmələrini istər-istəməz çətinləşdirir.
Sarkisyanın təhdid obyekti kimi nəzərdə tutduğu tərəf barədə cəm şəkilçisindən istifadə etməsi də maraqlıdır. O, bu fikirləri səsləndirərkən, həm də Türkiyəyə hədə-qorxu gəlir.
Son zamanlar Qərb ölkələriylə araları soyuyan qardaş ölkə Rusiyayla əlaqələrini möhkəmlətməyə çalışır. Ermənistan isə Rusiyanın regiondakı əsas “arxa bağçası” kimi tanınır. Ankara-Moksva münasibətlərinin yaxşılaşması ilk növbədə Rusiyanın nəzərində Ermənistanın geoplitik əhəmiyyətini azalda bilər. Görünür, bu münasibətlərin korlanması Ermənistanın ölüm-qalım məsələsi kimi dərk olunduğundan, türk “çomağına buynuz sürtməklə” özünü Rusiyanın “strateji müttəfiqi” kimi hiss edən müasir erməni siyasi iradəsinin də tələblərinə cavab verir.
Bir sözlə, Sarkisyanın “qəhrəmancasına” nitqi hərbi yox, bir neçə məqsəd güdən siyasi xarakter daşıyır.
Heydər 
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 1 545          Tarix: 27-03-2017, 00:54      

Xəbəri paylaş


Paylaş:   

Bənzər məqalələr
Prizma