Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Rusiya Türkiyəyə S-400 raketdən müdafiə sistemləri almaq üçün kredit verilməsini hələ təsdiqləməyib.
Strateq.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin hərbi və texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Koji bildirib.
Xatırladaq ki, Rusiya müdafiə sənayesi şirkəti “Rostex”in direktoru Sergey Çemezov bir müddət əvvəl Türkiyənin S-400 raketi almaq üçün onlardan kredit istədiyini açıqlamışdı. Vladimir Kojinin cavabı isə bu arzunun düşünüldüyü qədər asan başa gəlməyəcəyini göstərir.
S-400-lərin alınmasına dair bu hərbi sövdələşmə baş tutarsa, Türkiyə Rusiyadan həmin batareyaları satın alan ilk NATO ölkəsi olacaqdı. İndiyə qədər isə Moskva Çinə S-400 batareyası satmaq haqqında saziş imzalayıb. Həmin müdafiə sistemiylə ordusunun arsenalını gücləndirmək istəyən digər ölkə isə Hindistandır. Hindistanla bu barədə danışıqlar davam edir.
Rusiyanın Türkiyəyə bu silahı satmaqda tərəddüd etməsi iki səbəblə izah edilə bilər.
Başlıca səbəblərdən biri, sözsüz ki, iqtisadi amillə bağlıdır. Qərb ölkələrinin ağır sanksiyalarıyla üzləşən Rusiya üçün indi hər quruşun da dəyəri var. Bir tərəfdən böyük enerji layihələrinə investisiya qoyan, digər tərəfdən isə Ukrayna və Suriyada müharibə aparan Moskva, sözsüz ki, başqasına kredit verəcək halda deyil. Xüsusilə də əsas gəlir qaynağı olan neftin dünya bazarında getdikcə ucuzlaşdığı bir dövrdə. Bəlkə də öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Moskva indiyədək heç kimə satmadığı strateji silahlarını belə, hərraca çıxarıb. Türkiyə isə onu almaq üçün Moskvadan kredit istəyir. Əlbəttə ki, indiki dövrdə bu sazişi imzalamaq Moskva baxımından olduqca riskli hərəkət olardı.
Digər səbəblərdən biri Türkiyə-Rusiya arasındakı münasibətlərin kifayət qədər qənaətbəxş olmamasıdır. Məlum təyyarə böhranıyla pisləşən münasibətlər tərəflərin qarşılıqlı jestlərindən sonra normallaşmağa başlasa da, onların bir-birlərinə güvən hissi tam oturuşmayıb. Xüsusilə Suriyanın şimalında baş verən hadisələrdə iki dövlətin fərqli mövqelərdən çıxış etməsi onsuz da kövrək olan etimad hissini daha da zədələyir. Təsadüfi deyil ki, Ankara bu yaxınlarda PYD-ni dəstəklədiyi üçün Moskvaya bir gündə 2 dəfə nota vermişdi.
Son vaxtlar Suriyanın müxtəlif şəhərlərində müxalif qüvvələrin eyni anda Bəşər Əsəd ordusuna hücumlara başlaması və bəzi əraziləri ələ keçirməsi də Ankaranın Moskvaya reaksiyası kimi başa düşülə bilər. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Cenevrə görüşlərini pozmağa istiqamətlənmiş hərəkət” kimi qiymətləndirdiyi bu hücumları Türkiyə və körfəz ölkələri tərəfindən dəstəklənən qrupların təşkil etməsi də bu ehtimalı gücləndirir. Xatırladaq ki, həmin müxalif qüvvələr son Astana sammitinə də qatılmamış, dolayısıyla mübarizələrinə davam edəcəkləri mesajını vermişdi.
Bir-birinə güvənsizliyin hökm sürdüyü şəraitdə öz müdafiə strategiyasının Rusiyadan alınan S-400-lərə həvalə edilməsi əslində Türkiyə üçün də əlverişli deyil. Çünki bu durumda ölkənin müdafiə gücü tamamilə Rusiyanın əlinə keçər ki, NATO üzvü olan bir dövlət üçün bu, ciddi təhlükəsiz açığı və alyansla müttəfiqliyə son vermək deməkdir. Geopolotok mövqeyinə və tarixi təcrübələrə görə, Rusiya ilə təbii rəqib olan Türkiyənin bu addımı atması real görünmür. Məsələyə bu baxımdan yanaşanda Türkiyənin S-400 sevdası əslində ciddi istəkdən çox, blef təsiri bağışlayır.
Məsələ burasındadır ki, uzun illərdən bəri NATO üzvü olmasına baxmayaraq, Türkiyənin raket hücumlarından müdafiə sistemi tam qurulmayıb. Vaxtaşırı Rusiya ilə gərginliklər yaşananda müttəfiq dövlətlər öz müdafiə sistemlərini Türkiyəyə göndərir, onun müdafiəsini öz öhdələrinə götürürlər. Bəzən isə təhdidin ciddi xarakter aldığı dövrlərdə müttəfiqlər bu öhdəliklərindən boyun qaçırırlar. Rusiya ilə təyyarə böhranı yaşananda NATO müttəfiqləri qardaş ölkədə yerləşdirilmiş “Patriot” batareyalarını təmir və sair bahələrlə geri çağırmış və Ankaranı çətin vəziyyətdə qoymuşdular.
Bu təhlükəni öncədən də hiss edən Ankara qonşuda “bişən aşa” bel bağlamamaq niyyətilə bir neçə il əvvəl öz raketdən müdafiə sistemlərini yaratmaq istəmiş, amma müttəfiqlərindən gərəkli dəstəyi ala bilməmişdi. Məcburən, 2013-cü ildə Çinlə bağladığı saziş yenə NATO-nun təzyiqləriylə iki ildən sonra ləğv olunmuşdu.
Ankara bundan sonra üzünü Rusiyaya tutub S-400-ləri almaq fikrini ortaya atmışdı. Bununla da NATO-ya “bunu səninlə edə bilməsəm, Rusiyayla etməyə məhkumam” mesajını vermişdi.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın məsələylə bağlı bir açıqlaması da Rusiyaya yönəlmənin bir blef olduğunu təsdiqləyir. O, öz açıqlamasında demişdi: “NATO konsepsiyasını gündəmə gətirərək buna etiraz edənlər də var. Amma bu, doğru yanaşma deyil. Bu gün Yunanıstan da Rusiyanın raketlərindən istifadə edir. Bizlər NATO-da bu imkanları əldə bilmiriksə, o zaman, əlbəttə, başımızın çarəsinə baxmaq məcburiyyətindəyik”.
Zənnimizcə, Ankara da Rusiyanın indiki durumunda kredit borcuyla S-400-lər ala bilməyin çətin olduğunun fərqindədir. Görünür, ona blef etmək lazım olduğundan bu fikri ortaya atıb, təklifin reallaşmaması üçün isə həmin silahların kreditə verilməsini istəyib. Bir növ, baş tutmayacaq duaya “Amin!” deyib.
Qeyd edək ki, S-400 batareyalarının biri 400 milyon dollaradır. Türkiyənin sağlam müdafiəsi üçün isə xeyli sayda batareyaya ehtiyac var.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar