Xəbər lenti
 
İranda mayın 19-da keçiriləcək prezident seçkilərinin namizədləri müəyyənləşib.
Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, növbəti prezidentlik üçün 6 nəfər yarışacaq.
İran Konstitusiyaya Nəzarət Şurası tərəfindən namizədlikləri tanınan həmin iddiaçılar bunlardır:
1. İshaq Cahangiri
2. Məhəmmədbağır Qalibaf
3. Həsən Ruhani
4. İbrahim Rəisi
5. Mirsəlim
6. Haşemi Təba
Nəzarət Şurasının son qərarında ən diqqəti çəkən xüsuslardan biri eks-prezident Əhmədinejatın namizədliyinin qəbul olunmamasıdır. Qeyd edək ki, bir müddət əvvəl ölkənin dini lideri Xameneyinin Əhmədnejatın namizədliyinə razılıq vermədiyi xəbəri yayılmışdı. Daha sonra bu xəbər eks-prezident tərəfindən təkzib olunsa da, son seçkilərdə onun namizədliyinin qeydə alınmaması məlumatın heç də əsassız olmadığını təsdiqləyir.
Namizədlər içərisində iki nəfərin şansı daha ciddi qəbul olunur. Onlardan biri indiki prezident Həsən Ruhani, digəri isə “qırqın ayətullahı” ləqəbiylə tanınan İbrahim Rəisidir.
İbrahim Rəisinin cəmiyyət arasında ciddi nüfuzunun olmadığını bildirən iranşunaslar növbəti seçkilərdə böyük ehtimalla Həsən Ruhaninin qələbə qazanacağını güman edirlər.
İran siyasi iradəsinin islahatçı kimliyi və Qərblə yaxın əlaqəsilə tanınan Həsən Ruhanini faktiki olaraq ciddi rəqibsiz buraxması rəsmi Tehranın Avropa və ABŞ-a münasibətləri yumşaltmaq mesajı vermək istədiyini  göstərir.


Qeyd: İran Konstitusiyaya Nəzarət Şurasının yaydığı məlumata görə, namizədliyi təsdiqlənməyən şəxslər sabahdan 5 gün ərzində qərara etiraz edə bilərlər.

Heydər
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 541          Tarix: 21-04-2017, 00:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma