Xəbər lenti

2003-cü il fevral ayının 20-də Teatr Xadimləri İttifaqındakı otağında üz-üzə oturmuşduq. Olub-olacaqdan danışır, dərdləşib söhbətləşirdik. Kefi duru idi.

Hərdən sinədolusu gülürdü də. Söz fırlanıb sənət adamlarının dolanışığından düşdü. Kimlərinsə vəziyyətlərinin ağırlıqları xatırlandı. Və onda Həsən Turabovun sifətinin rəngi qaraldı, dodaqları səyriməyə başladı. Arada ani sükut oldu və otağı basan bu qaramatın pərdəsini Həsənin səsi yırtdı:

– İlham, inan mənə, sənin canın üçün hər şeydən usanmışam… Ölümdən də minnət götürürəm… Oğlum Daşqının yanına getmək istəyirəm…

Çox kövrək, həzin və bəlkə də hüznlü çıxdı səsi. Elə bildim onun səsi görünməz ruha çönüb üstümə yeridi. Düz gözümün içinə baxırdı. Hiss elədim ki, nə isə deməliyəm. Ürəyimdən keçdi ki, onun sözünü zarafata salım.

– Ağ eləmə, Turab (ən yaxın dostları Eldar Quliyev, Azər Paşa Nemət, Maqbet Bünyadov, Şəfiqə Məmmədova, Vaqif İbrahimoğlu… və mən ona “Turab” – deyə müraciət edirdik) bizi qoyub hara gedirsən? Hələ mənim kitabıma sponsor tap, sonra özün bilərsən…

Güldü. Sonra ciddi-ciddi söylədi:

– Bura bax, sənə yüz dəfə demişəm ki, fikir eləmə, otur kitablarını yaz. Vallah, onların hamısını çap eləməyin vaxtı gələcək… Qoy bir Sumqayıta Fikrət Sadıqova zəng vurum, çoxdandı onu görmürəm.

Hökumət telefonu ilə zəng etdi, ancaq Fikrət müəllim yerində olmadı. Katibədən soruşdu:

– Qızım, sən ona demisən ki, Turabov zəng vurub?.. Qəribədir, bəs onda niyə mənə zəng çalmır?.. Yaxşı…

Bu görüşümüzün üstündən iki gün keçdi və mənə zəng vurdu. Dönə-dönə tapşırdı ki, birisi gün, yəni fevralın 24-də Aktyor evinə gəlim və görkəmli rejissor Tofiq Kazımovun anım məclisində iştirak edim. Üstəlik bunu dedi ki, Vaqifə də tapşırmışam, mən bir az özümü pis hiss edirəm, yəqin gələ bilməyəcəm. Mən də ona “baş üstə” dedim və o da gülümsünərək “oldu, qərdeş” cavabını verdi. Xudahafizləşdik.

Bilsəydim onun səsini telefonda tutub saxlayardım…

Səhərisi hava çox bulanıq, boz, turşumuş və soyuq idi. Şəhərdən kənarda idim və benzin nasosu tutulmuş maşınımı təmir elətdirirdim. Ustanın ləng işləməyi, bir yandan da bozarmış havanınım sərtliyi lap məni təntitmişdi. Ürəyimdə deyinə-deyinə vargəl edirdim. Əl telefonum zəng çaldı və baxdım ki, nömrəsi yazılmayıb. “Kim ola?”

Mənim “bəli” deməyimlə hıçqırtı eşitdim. Zəng edən səsini arıtladı: “İlham, mənəm, Azər Paşadır… Həsən Turabov yoxduuuuuu”…

Elə bildim “u” səsi qulaqlarımda ulayıb uğuldadı…

…Həsən Turabovun mənzili açıqdır və liftin qarşısındakı geniş meydançada iynə atsan yerə düşməz. Hələlik iki sualın tərəddüdü var.

Birici sual: Həsən Turabovu harada dəfn etməli? Hökumətin təklifi ilə Fəxri xiyabanda, yoxsa özünün evdəkilərə, dostlarına dəfələrlə vəsiyyət etdiyi kimi oğlu Daşqının məzarının sol böyründə?

Xeyli mübahisədən sonra kiçik qardaşı Aydının cingiltili səsi hamını titrətdi:

– Daşqının yanında! Söhbəti qurtardıq…

İkinci sual: sabah teartdakı vida mərasimində tabutun üstündən hansı şəkil asılacaq?

Xeyli fotonun içindən bir şəkil seçilir. Mən İlqarın əlində tutduğu şəkilə baxanda elə bildim içimdə ildırım çaxdı. İlahi, insanda özünün sabahını görmək duyğusu nə qədər güclü olarmış!..

On-on beş gün əvvəl Akademik Milli Dram Tteatrı barədə təzə yazdığım kitaba fotolar seçəndə Həsən Turabovun bir şəklini bəyənmişdim və özünə də göstərmişdim ki, bu foto çox xoşuma gəlir.

Şəkli alıb diqqətlə baxdı… baxdı… baxdı… dodaqları qaçdı.

– Əntiqə şəkildi, mən öləndə səhnəyə bunu qoyarsınız… – dedi.

Fevralın 23-də axşamüstü sabahkı dəfn mərasiminin bəzi təşkilati işləri müzakirə olunurdu və mən mədəniyyət nazirinin müavini Ədalət Vəliyevə dedim ki, radioda Həsən Turabovun “Lirika dəftərindən” silsiləsindən çoxlu lent yazıları var, o, qəzəl söyləyir, Rübabə Muradova da oxuyur. Onları səsləndirmək yerinə düşər. Ədalət əl telefonu ilə tez nazirliyin işçisi Əliqismət Lalayevə zəng vurdu ki, bu işlə məşğul olsun. Yanımızda dayanmış televiziya rejissoru Məhərrəm Bədirzadə dedi:

– Sabah tezdən özüm radioya gedib lentləri seçərəm…

24 fevral… Həsənin tabutu səhnədə hündür dayqaların üstünə qoyulub…

Salon doludur… Xeyli adam ayaq üstədir…

…Həsən qəzəl söyləyir… Rübabə xanım muğam oxuyur…

Rübabə xanımın səsi fəryad qoparıb nalə çəkir…

Həsənin səsi hayqırtılı ağı deyir…

Salondakıların hıçqırıqları kəpənək kimi havada oyan-buyana uçuşur…

Füzulinin “Məni candan usandırdı…” misrasını deyəndə diksindim və mənə elə gəldi ki, Həsən Turabovun lentdəki səsi sarsıldı, beli büküldü, qəddi əyildi…. və titrəyə-titrəyə səhnəyə enib Həsənin tabutuna girməyə yol axtardı. Axtara-axtara və tapmaya-tapmaya necə qıyya çəkdisə salondakıların hıçqırığı ərşə bülənd oldu…

Ruhumu sanki çarmıxa çəkən bu duyğudan ani yaxa qurtarmaq üçün səhnənin sağ dirsəyinə keçdim. Şəfiqə Məmmədova başını Asya Manafovanın çiyninə söykəyib dayanmışdı. Yanaqlarında yaş şırımlanırdı. Məni görən kimi hönkürtüsü cingildədi:

– İlham, niyə qoyursan Turab gedə… Mən səni tək görə bilmirəm…

Bir azdan bu sözlərlə yanaşı, Eldar Quliyevin dedikləri də qulaqlarımda sırğalanacaq və qəddimi düzəltməyə aman verməyəcək: “Bağışla, Turab, bağışla ki, biz səni qoruya bilmədik…”

Çevrilib geri döndüm. İki addım atmışdım ki, yerində donub səhnəyə baxan Maqbet Bünyadov usdufca qolumdan tutdu. Güclə eşidiləcək pıçıltı ilə:

– Dünyanın işinə bax, İlham, əzəmətli sənəti bu boyda səhnəyə sığmayan Turabov indi dar-darısqal bir tabuta sığınıb.

Az sonra neçə gün yataqda yatmış, üşütməli bədənlə bir küncə qısılıb qalmış Vaqif İbrahimoğlu yaşdan dumanlanmış eynəyinin arxasından məni görcək titrəyə-titrəyə əllərini boynumda çarpazlayacaq və batmış səsinin pıçıltısı ilə deyəcək: “İlham, yaman yerdə bizi qoyub getdi… Qaldıq yetim…”

Cənazə səhnədən qaldırılanda salonda dəhşətli uğultu qopdu və qulağıma vahiməli bir haray çatdı. Çevrilib baxdım ki, Vaqif Əsədov ağlaya-ağlaya səhnənin yuxarısına baxır. Məni görüb hıçqıra-hıçqıra dedi:

– İlham, bayaqdan Həsənin şəkli ilə baxışırıq. Cənazə yerdən qaldırılanda Turabov qeyzlə üzünü məndən çevirdi, indi öz tabutunun dalınca baxır…

…Dahi aktyorumuz Həsən Turabov neçə ildən bəri məşq etdiyi, dəfələrlə yaxasını cırıb çıxdığı son rolunu oynadı. Cismi ölümün qoynunda qaldı, ruhu isə Tanrı dərgahındakı oğlu Daşqının yanına uçdu…

Həsən Turabovun gül-çiçəyə qərq olmuş məzarının müvəqqəti dəmir başdaşına onun səhnədən asılan böyük, özü vaxtilə bəyənən şəklini qoymayıblar. Lap son aylarda çəkdirdiyi şəkli vurulmuşdu…

Həsənin baxışlarından xəstəlikdən çəkdiyi bütün əzabların, ürək ağrılarının yükü asılmışdı…

İnsan karvanı qəbiristanlığın qısa yoxuşunu çıxır…

Həsən Turabovun gözləri – nurunu heç bir xəstəliyin poza bilmədiyi parlaq gözləri güllərin arasından sıyrılaraq mənə dikilib…

Yerimdən tərpənə bilmirəm…

Nəhayət, baxışların zindanından qurtulmaq üçün addımımı atıram…

Gözlər sanki dilə gəlib həzin kövrəkliklə deyir:

– İlham, məni qoyub hara gedirsən?..

– Hələlik… Turab, hələlik gedirəm…

Gedirəm ki, çiyinlərdə sənin yanına qayıdım…

İlham Rəhimli 

18 mart 2003-cü il

 




Ana səhifəyə qayıt        Baxış: 769          Tarix: 27-04-2018, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma