Xəbər lenti

İyul ayının 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı dünən vəfat edib.

Ailəsi tərəfindən təcili olaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına gətirilən uşağa müəyyən olunmuş dozada 2 dəfə vaksin vurduğu qeyd olunub. 4 gün xəstəxananın uşaq şöbəsində qaldıqdan sonra evə buraxılıb. Qəfildən vəziyyəti pisləşən uşağı bu dəfə Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağır olaraq qalıb.

Faktla bağlı ilk olaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan Publika.az-a verilən məlumata görə, Mikayılzadə Zeynəb Elçin qızı xəstəxanaya başın və üzün dişlənmiş yarası ilə daxil olub:

"Uşaq xəstəxanaya daxil olanda çox ağır vəziyyətdə idi. Ona ilkin yardım göstərilib. Dərhal quduzluq əleyhinə vaksin vurulub. Yaralar təmizlənib və sarğıya alınıb. Lakin qızın vəziyyəti ağırlaşdığından onu Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər".

Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasından bizə bildirdilər ki, uşaq quduzluq diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib:

"Quduz olanda onu müalicə etmək olmur. Vaksin vurulub. Bütün zəruri tədbirlər görülsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. 40 ildir işləyirəm, 40 ildir də quduzluqdan insanlar ölür. Təzə hadisə deyil, sahibsiz itlər doludur küçələrdə".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Cavid Xəlilov hadisə ilə bağlı Publika.az-a açıqlama verib:

"Mikayılzadə Zeynəb Elçin qızı 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ayın 14-ü saat 17:10-da başın və üzün dişlənmiş yaraları ilə daxil olub. Uşağ 4 yaş 11 aylıq olub. Quduzluq diaqnozu qoyulub. Bütün zəruri tədbirlər görülsə də uşağın həyatını xilas etmək mümkün olmayıb. O, dünən saat 12: 50 radələrində dünyasını dəyişib".

 




Ana səhifəyə qayıt        Baxış: 940          Tarix: 18-08-2017, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma