Ordu generalına bərabər ali xüsusi rütbə cəmi bir nəfərdədir
Ötən həftə Prezident İlham Əliyev yeni daxili işlər naziri Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Bununla da Vilayət Eyvazov bu rütbəni daşıyan şəxslərin sırasına daxil olub.
Bəs qanuna görə, Azərbaycanda silahlı qüvvələrdə və hüquq-mühafizə orqanlarında ən yüksək rütbə hansıdır və neçə nəfər general-polkovnik var?
Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa görə, Silahlı Qüvvələrdə bu hərbi rütbələr müəyyən olunur: əsgər (kursant); baş əsgər; kiçik çavuş; çavuş; baş çavuş; kiçik gizir; gizir, baş gizir; kiçik leytenant; leytenant; baş leytenant; kapitan; mayor; polkovnik-leytenant; polkovnik; general-mayor; general-leytenant; general-polkovnik; ordu generalı. Ən yüksək rütbə olan ordu generalı rütbəsi indiyədək heç bir hərbi qulluqçuya verilməyib.
Hərbi Dəniz Qüvvələrində ordu generalı rütbəsinə bərabər rütbə admiral rütbəsidir. Bu rütbəni də alan olmayıb.
Prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan həqiqi dövlət ədliyyə müşaviri rütbəsi ordu generalı rütbəsinə bərabərdir. Həqiqi dövlət ədliyyə müşaviri rütbəsi indiyə qədər iki nəfərə verilib. 1992-ci il oktyabrın 16-da baş prokuror İxtiyar Şirinov həqiqi dövlət ədliyyə müşaviri rütbəsinə layiq görülüb. Ancaq 1993-cü il sentyabrın 14-də İxtiyar Şirinov həmin rütbədən məhrum edilib.
1993-cü il noyabrın 9-da Milli Məclisin qərarı ilə baş prokuror Əli Ömərov həqiqi dövlət ədliyyə müşaviri rütbəsi alıb. Hazırda pensiyada olan Əli Ömərov Azərbaycanda yeganə həqiqi dövlət ədliyyə müşaviri-ordu generalıdır.
Ölkənin baş prokuroru Zakir Qaralovun və ədliyyə naziri Fikrət Məmmədovun I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik) ali xüsusi rütbələri var.
Müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Dövlət Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müdafiə sənayesi naziri Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, onun birinci müavini Bəylər Eyyubov general-polkovnik rütbəsi daşıyırlar.
Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov da general-polkovnik rütbəsi daşıyır. O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır.
Sabiqlərdən isə keçmiş müdafiə naziri Səfər Əbiyev general-polkovnikdir, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev gömrük xidməti general-polkovniki, sabiq vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri- general-polkovnik sayılır.
Keçmiş milli təhlükəsizlik nazirləri Namiq Abbasov və Eldar Mahmudov da general-polkovnik rütbəsi daşıyırlar.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: