Türkiyə Suriya münaqişəsinin nizamlanması ilə məşğul olan Astana prosesindən razıdır.
“Report” "RT"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, prezidentlər görüş zamanı Astana prosesi, Suriya münaqişəsi, de-eskalasiya zonaları və etimadın gücləndirilməsi istiqamətində atılan səylər üzərində diqqəti cəmləşdirmək barədə danışıblar. O, həmçinin Şimali İraqda kürd muxtariyyətinin keçirdiyi referendumdan sonra birgə səylərin vacibliyini vurğulayıb.
“Kürd muxtariyyəti referendum keçirib. Bu, bölgədə böhrana yol açıb. Referendum qanunsuzdur. Muxtariyyət səhv edib. Biz daha böyük fəsadlara yol aça biləcək addımların qarşısını almalıyıq”, - deyə Ərdoğan qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin isə Suriya ilə bağlı əldə olunan razılaşmaları ümumi uğur adlandırıb.
“Bu razılıqlar ümumi uğurumuzdur. Bizim dostumuz Ərdoğanın uğurudur. Çünki o, bunun təşəbbüskarlarından biridir. Vətəndaş müharibəsi dayandırılıb. Dörd de-eskalasiya zonasının yaradılmasına dair hazırlıq təsdiqlənib. Görülən iş nə Suriya, nə də ki, münaqişənin həll oluması ilə bağlı qarant ölkələr üçün asan idi”, - deyə Rusiya Prezidenti qeyd edib.
Dövlət başçıları İraqın kürd muxtariyyətini də müzakirə ediblər. Bir neçə gün əvvəl İraqda keçirilən referenduma toxunan V. Putin ölkəsinin mövqeyinin prinsipial olduğunu və İraqın ərazi bütövlüyünün toxunulmazlığını vurğulayıb. Putinin sözlərinə görə, hər iki ölkə bundan sonra da həm XİN, həm də hərbi qurumların xətti ilə koordinasiyanı davam etdirməlidir.
Rusiya prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin artdığını da vurğulayıb: “Yarım il ərzində ticarət dövriyyəmiz 31,5 faiz artıb. Türkiyədə istirahət edən rusiyalı turistlərin sayı 11 dəfə artıb və 2,5 milyon nəfər təşkil edib”.
Dövlət başçıları görüşdə həmçinin kənd təsərrüfatı məsələlərini də, o cümlədən Türkiyədən Rusiyaya pomidor ixracını da müzakirə ediblər. Bununla bağlı isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, müvafiq nazirliklərin nümayəndələri daim təmasdadır və məsələ yaxın vaxtlarda öz həllini tapacaq.
***22:24
Türkiyənin paytaxtı Ankarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar 1,5 saat davam edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda danışıqlar geniş tərkibli heyətlə davam edir.
Hər iki prezidentin Suriya münaqişəsi və digər məsələlər barədə müzakirələr apardığı bildirilir. Görüşün yekunlarına dair mətbuata açıqlama veriləcək.
*** 20:33
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş Beştəpədəki prezident iqamətgahında keçirilir.
Məlumata görə, dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.
Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri bu gün başlayıb.
Paylaş: