Tbilisidə GUAM-ın yaranmasının XX ildönümü ilə əlaqədar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə təşkilatın yaranmasından keçən 20 il ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, regional münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunur.
Toplantıda GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Görüşdə çıxış edən Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze GUAM-ın fəaliyyətindən danışıb, təşkilata üzv ölkələrin iqtisadi inkişafında, beynəlxalq nüfuzunun möhkəmlənməsində, regional təhlükəsizlik, eləcə də Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindəki rolundan danışıb.