ABŞ Dövlət Departametinin nümayəndə heyəti gələn həftə Türkiyəyə gələcək.
“Report” TGRT-yə istinadən xəbər verir ki, heyətə Dövlət Departamenti müşavirinin müavini Conatan Kohen başçılıq edəcək.
Amerikalı diplomatların Türkiyə rəsmiləri ilə Vaşinqtonla Ankara arasında yaranan viza böhranını müzakirə edəcəyi gözlənilir. Hazırki böhranın həll üçün iki ölkənin təmsilçilərindən ibarət komissiyanın yaradılması təklif olunub.
Qeyd edək ki, oktyabrın 11-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında vizaların verilməsinin qarşılıqlı olaraq dayandırılmasını müzakirə ediblər.
Oktyabrın 10-da isə Türkiyə baş nazirinin müavini Mehmet Şimşek viza böhranından sonra ilk dəfə olaraq ABŞ-a rəsmi səfərə gedib. “ABŞ-la problemlərimizi dialoq yolu ilə həll edəcəyik”, - deyə nazir "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun bir əməkdaşının casusluqda ittiham olunaraq həbs olunmasından sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq Türkiyə də ABŞ vətəndaşlarına vizaların verilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
Paylaş: