Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixeil Saakaşvili dekabrın 10-da Maydan (Azadlıq) meydanında Ukrayna prezidenti Petr Poroşenkonun impiçmenti barədə qanunun qəbul edilməsi tələbi ilə aksiya keçirmək niyyətindədir.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu bu gün Kiyevdə Ali Radanın qarşısındakı Avropa meydanında keçirilən mitinqdə M. Saakaşvili bəyan edib.
Polis bu günkü aksiyaya 2,5 min nəfərin qatıldığını açıqlayıb. M. Saakaşvili isə dekabrın 10-da 100 minlərlə, milyonlarla ukraynalının Maydan meydanına toplaşacağını, Bankovuy küçəsi ilə Prezident Administrasiyasının qarşısına hərəkət edəcəklərini və prezidenti iş yerinə buraxmayacaqlarını bildirib.
Qeyd edək ki, oktyabrın 17-dən Kiyevdə Ali Radanın binası qarşısında fasiləsiz aksiyalar keçirilir. Aksiya iştirakçıları deputat toxunulmazlığının ləğv edilməsini. seçki islahatlarının aparılmasını və Antikorrupsiya Məhkəməsinin yaradılmasını tələb edirlər. Öncə bir çox siyasi partiyanın dəstək verdiyi aksiyalar hazırda yalnız M. Saakaşvilinin partiyası tərəfindən davam etdirilir.//APA
Paylaş: