Şənbə günü, fevralın 24-də BMT Təhlükəsizlik Şurası Suriyada atəşin dərhal və azı növbəti 30 gün müddətinə dayandırılması barədə qətnamə qəbul edib. Bu qətnamənin məhz indi – Ankara “Suriya operasında” özünün (şəxsən mənim çoxdan gözlədiyim) “Zeytun budağı” əməliyyatı şəklində ariyasını ifa etməyə başladığı bir vaxtda tələsik qəbul edilməsi barədə ayrıca söhbət açmaq olar.
Amerikapərəst kürdlərin İŞİD üzərinə və ya Əsədin qüvvələrinin və onlarla müttəfiq olan “çvk-vaqnerlərin” Hələbdə Türkiyə tərəfdən dəstəklənən mötədil müxalifət üzərinə hücum etdikləri vaxtda isə buna oxşar bir qətnamə qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasını çağırmaq heç kəsin ağlına gəlməmişdi. Hamıya aydın idi ki, hətta həmin günlərdə daha dəhşətli hərbi cinayətlər törədilməsinə baxmayaraq, birinci halda amerikalılar, ikinci halda isə Smolensk meydanını təmsil edənlər səsvermə zamanı veto qoyacaqlar.
Amma “Zeytun budağı” əməliyyatı başlananda, bu əməliyyat demək olar ki, bütün oyunçuların kartlarını qarışdırdı və onlar başa düşdülər ki, Ankaranı YPG-ni darmadağın etmək fikrindən daşındırmaq mümkün olmayacaq, onda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil olan oyunçular birdən-birə özlərini “sülhyaradanlar” kimi göstərməyi qərara aldılar və haqlı olaraq güman etdilər ki, Təhlükəsizlik Şurasında qətnamə barədə ciddi fikir ayrılıqları olmayacaq.
Bu fonda Əsəd rejiminin və onun müttəfiqlərinin Dəməşqdən Şərqdə yerləşən Şərqi Quta regionuna hücum etmək üçün seçdikləri məqam çox şübhəli görünür. Görəsən Şərqi Qutada ciddi blokadaya alınmış və praktiki olaraq məhvə məhkum olan müxalifət anklavına məhz indiki vaxtda qəflətən hücum etmək nə dərəcədə “təcili” və hərbi baxımdan zəruri idi? Əslində bu məsələ üzərində baş sındırmağa dəyməz: rejimin və onun müttəfiqlərinin əvvəllər də qeydə alınmış ənənəvi hərbi cinayətləri əlavə psixoloji fon yaratmaq üçün lazım idi, bu fonda BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimlərinsə tərəfindən veto qoyulmadan, hətta dünya ictimaiyyətinin gurultulu “ura” sədaları altında qəbul edilərdi. Yəni, “görürsünüzmü, biz Qutada insanların həlak olmasına son qoyduq və bütün dünya bizi alqışlayır”.
Bunu anlamaq üçün çox dərin ağıl lazım deyil ki, son günlərdə Şərqi Qutada bombardman nəticəsində həlak olmuş bu binəsib mülki şəxslər yalnız “Zeytun budağı” əməliyyatının daha da genişlənməsinə qarşı yönəlmiş qətnamə qəbul edilməsi üçün psixoloji fon yaradılması uğrunda canlarından keçiblər.
Maraqlıdır ki, YPG-dən olan başkəsənlər qətnamə qəbul ediləndən cəmi bir neçə dəqiqə sonra (elə bil BMT Təhlükəsizlik Şurasının iclas salonundan kimsə onlara məruzə edirmiş) Afrindən bəyanatla çıxış edərək bildirdilər ki, onlar “bu sənədi yerinə yetirməyə tam hazırdırlar”.
Bunun cavabında türkiyəli general dedi: “Əvvələn, İŞİD-in fikrini heç kəs soruşmadığı kimi sizin, terrorçuların da fikrini heç kəs soruşmur. İkincisi, terrorizmə qarşı mübarizədə “atəşkəs rejimi” olmur və qəbul edilmiş qətnamə terrorçulara yox, legitim qüvvələrə aiddir”.
Ona görə təəccüblənməyə dəyməz ki, türkiyəli generalın bu cür kəskin cavabından dərhal sonra Dəməşqdən “B” planı alındı, bu dəfə YPG-nin Afrində geri çəkilən bandalarını öz qüvvələri ilə əvəz etməyə hazır olması təkrarlandı. Görünür, vəziyyətə bir növ “legitimlik” çaları vermək üçün bununla demək istəyirdilər: “Biz terrorçular deyil, qanuni hakimiyyətik”.
İndi söz türklərindir. Onlar sona qədər qətiyyəti saxlayacaq, yoxsa YPG hamilərinin bu çoxgedişli hiyləsinə aldanacaqlar? Bu sualın cavabı yaxın günlərdə, bəlkə də yaxın saatlarda məlum olacaq.
Lakin bir məsələ aydındır: YPG/PKK məsələsinin birdəfəlik və həmişəlik həll edilməsini okeanın o tayında kimlərsə əsla istəmirlər. (Azərtac)
Paylaş: