Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, o, ABŞ Prezidenti Donald Trampın Şimali Koreya Lideri Kim Çen In ilə planlaşdırılan sammiti ləğv etməsi barədə qərarını dəstəkləyir.
Azərtac NHK telekanalına istinadla xəbər verir ki, bunu Peterburqda səfərdə olan Ş.Abe rusiyalı jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Baş nazir bildirib ki, o və D.Tramp Şimali Koreyaya münasibətdə siyasətlərini tamamilə bir-biri ilə razılaşdırırlar. Yüksək səviyyəli görüşün baş tutmamasından təəssüfləndiyini qeyd edən Ş.Abe əlavə edib ki, D.Trampın bu barədə qərarına hörmətlə yanaşır.
Baş nazir əlavə edib ki, əsas məsələ ABŞ-Şimali Koreya sammitinin Pxenyanın nüvə-raket proqramlarının ləğvinə, eyni zamanda, oğurlanmış yapon vətəndaşları probleminin həllinə yol açmasıdır.
Ş.Abe vəd edib ki, o, müxtəlif problemlərin həlli üçün ABŞ, Cənubi Koreya, Rusiya, Çin və digər ölkələrin əməkdaşlığına nail olmaq məqsədilə var gücünü sərf edəcək.
Baş nazir bəyan edib ki, Yaponiyaya qayıdan kimi maksimum qısa müddətdə o, D.Tramp ilə telefon danışığına çalışacaq. Ş.Abe qeyd edib ki, sammitin ləğvi məsələsini Prezident Vladimir Putinlə də müzakirə edəcək.
Paylaş: