Yaponiyanın Baş naziri Şinzo Abe və Cənubi Koreyanın Prezidenti Mun Ce-in nüvə proqramının dayandırılması istiqamətində konkret addımlar atılmayanadək Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı təzyiqləri davam etdirmək barədə razılığa gəliblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiya bürosuna verilən məlumata görə, iki ölkənin liderləri bu barədə aprelin 24-də baş tutan telefon danışığı zamanı razılıq əldə ediblər. Telefon danışığı aprelin 27-nə planlaşdırılan koreyalararası görüş ərəfəsində keçirilib.
Bu ərəfədə Ş.Abe KXDR-in nüvə sınaqlarını dayandıracağı barədə bəyanatını alqışladığını, lakin bu ölkənin həmin istiqamətdə konkret addımlar atmasının vacibliyini bildirib.
Telefon danışığı zamanı Baş nazir Cənubi Koreya Prezidentinə ötən həftə Vaşinqtona səfəri və Prezident D.Trampla aprdığı danışıqlar barədə məlumat verib. Ş.Abe bildirib ki, Yaponiya KXDR-də baş verən sürətli dəyişikliklər fonunda Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığı davam etdirəcək.
Ş.Abe Mun Ce-indən KXDR lideri Kim Çen In ilə görüş zamanı oğurlanmış yapon vətəndaşları məsələsini qaldırmağı da xahiş edib. Hər iki ölkənin liderləri bu məsələnin həlli üçün birlikdə fəaliyyət göstərəcəklərini bir daha təsdiq ediblər(azərtac).
Paylaş: