Yaponiyanın xarici işlər naziri Taro Kono və ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreya tərəfindən kütləvi qırğın silahlarının və ballistik raketlərin tam ləğvi üçün konkret addımlar atılmasına nail olmaq məqsədilə razılığa gəliblər.
Yaponiya XİN-dən Azərtac-ın bu ölkədəki bürosuna verilən məlumata görə, bu barədə razılaşma T.Kononun M.Pompeo ilə mayın 23-də Vaşinqtonda baş tutan görüşü zamanı əldə edilib.
Danışıqlar zamanı, tərəflər Şimali Koreyaya nüvə silahı da daxil olmaqla bütün kütləvi qırğın silahlarının və ballistik raketlərin ləğvi üçün konkret addımlar atmasına nail olmaq məqsədilə təzyiqlərin davam etdirilməsi barədə razılıq əldə ediblər.
Görüşdən sonra jurnalistlərə məlumat verən T.Kono bildirib ki, o, ABŞ Prezidenti Donald Trampın sammitin keçirilməsi üçün müəyyən şərait yaradılmayınca onun təşkili mənasızdır fikri ilə tamamilə razıdır. T.Kono əlavə edib ki, əsas məqsəd Şimali Koreya tərəfindən nüvə silahının və raketlərin istehsalının dayandırılması, həmçinin oğurlanmış yapon vətəndaşları probleminin həllidir.
Paylaş: