İran iqtisadiyyatında azalma dərinləşdiyindən ilin sonunadək inflyasiya 40 faizi keçəcək. Belə bir proqnozla Beynəlxalq Valyuta Fondu çıxış edib.
Noyabrın 13-də Fars Körfəzi iqtisadiyyatlarına dair hesabatında fond bildirir ki, ABŞ sanksiyaları bu il İran iqtisadiyyatının həcmini 1,5 faiz azaldacaq, gələn ilsə azalma 3,6 faizə çatacaq.
“Bu, ABŞ sanksiyalarının İrana gözlənən təsiridir, azı gələn iki il ərzində İranın neft hasilatı və ixracı azalacaq”, – BVF bildirir.
2016-cı ildə, İrana qlobal sanksiyalar qaldırılanda ölkə iqtisadiyyatında 12,5 faizlik artım yaşanmışdı. Ötən il isə iqtisadiyyat 3,7 faiz artmışdı.
İranın altı ölkəylə 2015-ci ildə imzaladığı nüvə sazişindən sonra Tehrana sanksiyalar qaldırıldı.
Amma ABŞ Prezidenti Donald Tramp bu ilin mayında nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu açıqladı. Qərb ölkələri sazişi qorumağa çalışırlar, İran isə nüvə fəaliyyətini məhdudlaşdırmaq öhdəliyinə əməl edir. Amma bütün bunlar İran iqtisadiyyatında azalmanı əngəlləyə bilməyib.
BVF-nin Yaxın Şərq üzrə direktoru Cihad Azur deyib ki, hazırda İranın üzləşdiyi vacib məsələlərdən biri milli valyuta olan rialın xarici valyutalara qarşı məzənnəsini qara bazardakına uyğunlaşdırmaqdır.
Vaşinqton mayda İrana sanksiyaların bərpa olunduğunu açıqlayandan sonra neftin qiymətinin kəskin artması İran və Fars regionundan digər neft ixracatçılarının iqtisadiyyatını dəstəkləyib, amma eyni zamanda inflyasiyaya da təkan verib, BVF bildirib.
(Azadlıq radiosu)
Paylaş: