Xəbər lenti

BMT-nin nüvə agentliyi Birləşmiş Ştatlar 2015-ci il sazişindən çıxandan bəri ilk dəfə açıqladığı hesabatda İranın bu razılaşmanın şərtlərinə əməl etməkdə davam etdiyini bildirib.

2015-ci ildə imzalanmış bu sazişə müvafiq olaraq Tehran özünün nüvə proqramını məhdudlaşdırmalı və bunun müqabilində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalı idi. Lakin ötən mayda ABŞ bu sazişdən çıxdıqdan sonra İran üzərinə sanksiyaları bərpa edib.

Hesabatda deyilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı və belə materialı istehsal etmək gücü onun ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə imzaladığı sazişdə nəzərdə tutulan həddən aşağıdır.

BMT-nin Atom Enerjisi Agentliyi bu hesabatı noyabrın 12-də Vyanada açıqlayıb. Bu hesabatdakı bəzi çöl araşdırmaları İranın üzərinə ABŞ sanksiyaları qüvvəyə minəndən əvvəl aparılıb. Hesabatda bu da qeyd olunur ki, noyabrın 5-də sanksiyalar bərpa ediləndən bəri Tehranın nüvə davranışı dəyişməyib. İranın üzərinə yeni və daha sərt sanksiyalar sazişin qüvvədə qalması üçün çətinlik yaradıb.

Agentliyin başçısı Yukia Amano deyib ki, İran BMT müfəttişlərinin nüvə məntəqələrinə sərbəst girişini tam təmin edir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 13-11-2018, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma