"Suriya geosiyasi hesablaşma sahəsi deyil".
Son bir həftə ərzində İsrailin Suriyaya hava hücumlarını şərh edən Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova belə deyib və İdlibdə də vəziyyətin sürətlə pisləşdiyini bildirib.
Ovqat.com-un məlumatına görə, xanım diplomat İsraili Suriyadakı hədəflərə qarşı hava hücumlarını dayandırmağa çağırıb:
"Müstəqil bir dövlətin, yəni Suriyanın torpaqlarına qarşı spontan təcavüzə son qoymalıdır".
Bu cür hücumların bölgədəki təzyiqi yüksəltdiyini və regionda heç bir ölkənin xeyrinə olmadığını bildirən diplomatın fikrincə, illərdir silahlı münaqişələrin mənfi təsirlərinə məruz qalan Suriyanın geosiyasi hesablaşma arenasına çevrilməsinə mane olunmalıdır.
Qeyd edək ki, İsrail Mariya Zaxarovun qınağına tuş gələn bu hücumların İran hərbi qüvvələrini hədəfə aldığını bildirirdi. İranı öz milli təhlükəsizliyinə təhdid kimi görən Tel-əviv Livan Hizbullahı kimi İran dəstəkli qüvvələrin Suriyadakı varlığından narahatdır. Rusiya isə indiyədək həm İsrail, həm də İran ilə yaxın münasibətlərini davam etdirməyə çalışırdı. Zaxarovanın İsrailə qarşı bəyanat verməsi Moskvanın artıq öz mövqeyini açıq şəkildə ortaya qoyduğunu göstərir.
Paylaş: