Rusiya prezidenti Putinin çinli həmkarı Si Tzinpinlə görüşdən 4 gün sonra Belarusda nüvə silahı yerləşdirmək qərarına gəlməsi bütün dünyada çaşqınlıqla qarşılanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bəzi Qərb ekspertləri Putinin bununla Çin liderini də aldatdığını düşünürlər.
Qeyd olunur ki, bu ilin martın 21-də iki lider arasındakı danışıqlardan sonra Moskva və Pekin öz ərazilərindən kənarda nüvə silahı yerləşdirməyəcəkləri və onları xaricdən çıxarmalı olduqları barədə bəyanat yaymışdılar. Lakin artıq martın 25-də “Rossiya 24” telekanalının efirində Vladimir Putin tam əksinə açıqlama verdi. O, iyulun 1-də Rusiya Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdıracaqlarını və orada nüvə silahlarını yerləşdirəcəklərini söyləyib.
Qərb ekspertləri Putinin ənənəvi olaraq “dürüstlük” nümayiş etdirdiyinə diqqət çəkiblər:
- 2016-cı ildə o, "nüvə silahı ilə təhdid ən soncu variantdır”,- deyə ifadə işlətmişdi;
- 2017-ci ildə Putin Valday Forumunda Rusiyanın nüvə silahından geniş şəkildə imtina etməsi ideyasını dəstəklədiyini söyləmişdi;
-2019-cu ildə Kreml Si Tzinpinlə görüşdən sonra oxşar bəyanat vermişdi;
- 2022-ci ilin dekabrında Putin Prezident yanında Şuranın iclasında hamını bu sözlərlə arxayın etmişdi: “Amerikanın nüvə silahları Avropa ərazisində çoxlu sayda yerləşdirilib. Biz nüvə silahlarımızı heç kimə ötürməmişik və ötürməyəcəyik”.
İndi Putin özünün son sözlərindən imtina etməsini bununla əsaslandırıb: Lukaşenkonun xahişi və amerikalıların eyni cür sərgiləməsi”....
“ABŞ onilliklərdir ki, bunu edir. Onlar uzun müddətdir ki, öz taktiki nüvə silahlarını Avropadakı müttəfiq ölkələrinin, NATO ölkələrinin ərazilərində yerləşdirirlər. Biz də eyni şeyi edəcəyik”, - deyə prezident bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası prezidentinin bəyanatı ilə əlaqədar Ukrayna BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib.
Paylaş: