Ərəb ölkələrinin nazirləri və yüksək səviyyəli nümayəndələri dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Suriya lideri Bəşər Əsədin taleyini müzakirə etmək üçün bir araya gəliblər.
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının çağırışı ilə Qırmızı dəniz sahilində yerləşən şəhərə Bəhreyn, Küveyt, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İraq və İordaniyadan olan nümayəndələr toplaşıb.
Tərəflər 2011-ci ildə vətəndaş müharibəsi başlayandan sonra Ərəb Ölkələri Liqasından uzaqlaşdırılan Əsədin geri qayıtmasını müzakirə ediblər. Ötən çərşənbə günü 2011-ci ildən sonra ilk dəfə Suriya xarici işlər nazirini qəbul edən Səudiyyə Ərəbistanı Əsədin Ərəb Ölkələri Loqasına qayıtmasının tərəfdarıdır.
Qətər isə belə bir addımın əleyhinə olduğunu bəyan edib.
Əsədin regional aktyorlar arasına rəsmən qayıtması üçün bu qətnamə Ərəb Ölkələri Liqasının may ayında Səudiyyə Ərəbistanında keçiriləcək iclasında səsə qoyulmalıdır. Əsədin qayıdışına doğru addım Qərb paytaxtlarının reaksiyasına səbəb olsa da, bölgə ölkələri Suriya liderinin onların arasına qatılması üçün razılığa gəlməyə yaxındırlar.
Paylaş: