Xəbər lenti

İran hakimiyyəti uzun illər regionda özünün əsas rəqibi, hətta düşməni kimi təqdim etdiyi Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırmaqdadır.

Martın 10-da Çində əldə olunmuş razılaşma əsasında həyata keçirilən bu proses onun açar fiquru sayılan admiral Əli Şəmxaninin ötən ay İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsinə rəğmən, sürətlə davam edir.

İyunun 6-da İranın Səudiyyə Ərəbistanındakı səfirliyi 7 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Bildirildiyinə görə, qarşıdan gələn Qurban bayramından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki baş konsulluğu da işini bərpa edəcək. Bu proses çərçivəsində iyunun 17-də Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan Tehrana səfər edib, İranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla yanaşı, İbrahim Rəisi ilə də görüşüb və Səudiyyə Ərəbistanı kralının bu ölkəyə səfərlə bağlı dəvətini İran prezidentinə çatdırıb.

Lakin istər İranın özündə, istərsə də regionda və beynəlxalq aləmdə diqqətlə izlənən bu səfər daha çox onun gedişində baş vermiş qalmaqallı hadisə ilə gündəmə gəlib. Hətta demək olar ki, bir çoxları tərəfindən rəsmi Tehranın təhqir olunması kimi dəyərləndirilən həmin qalmaqal səfərin siyasi-diplomatik önəmi barədə xəbər və təhlilləri kölgədə qoyub və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Söhbət Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin öz İranlı həmkarı ilə birgə mətbuat konfransını  divarında Sepahın Qüds qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin şəkli olan salonda keçirməkdən imtina etməsindən gedir.

Azad İran




Ana səhifəyə qayıt        Baxış: 3 209          Tarix: 20-06-2023, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma