Yevgeni Priqojinin “trollar fabriki” adlandırılan “Patriot” media holdinqi, demək olar ki, bir həftədir fəaliyyət göstərmir və yaxın gələcəkdə sahibini dəyişə bilər.
Musavat.com xəbər verir ki, bu barədə “The Bell” saytı məlumat yayıb.
Məlumata əsasən, Priqojinin rəhbərlik etdiyi “Patriot” media holdinqinin əməkdaşlarının əksəriyyəti ötən həftə sonu qiyam başlayandan sonra işə gəlməyiblər. Eyni zamanda holdinqin binasında axtarış aparılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları serverlərə əl qoyublar.
“Əgər veb saytlarda və sosial şəbəkələrdə yenilikləri görünürsə, deməli, bu, ayrı-ayrı komandaların təşəbbüsüdür, daha mərkəzləşdirilmiş idarəetmə yoxdur”, - deyə qaynaqlardan biri sayta danışıb.
Priqojinin qiyamından öncə onun media aktivlərini Sankt-Peterburqda “RİA Novosti” və “Komsomolskaya Pravda”nın keçmiş əməkdaşı İlya Qorbunov idarə edirdi.
Həftənin əvvəlində Qorbunov Priqojinin 2019-cu ildə qurulan “Patriot” media holdinqinin potensial yeni sahibləri ilə danışıqlar aparıb. “Patriot”a Federal Xəbər Agentliyi (“RİA FAN”), həmçinin “Politika seqodnya”, “Nevsky News”, “Narodnıe novosti” və s. daxildir. Qiyam başlayandan bəri Rusiyada “RİA FAN” saytı bloklanıb.
“The Bell” Milli Media Qrupunun (NMG) sahibi Yuri Kovalçuku “Patriot” holdinqinin yeni sahibi hesab edir.
“RİA FAN”ın əməkdaşları Qorbunovun özü ilə əlaqə saxlaya bilmirlər. Onun Rusiyanı tərk etdiyi ehtimal olunur.
Xatırladaq ki, Yevgeni Priqojinin rəhbərlik etdiyi “trollar fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur.
Paylaş: