Xəbər lenti

 

Kreml rəhbərinin separatçı bölgəyə səfəri münasibətləri pik həddə çatdırdı

Elman Nəsirov: “Putinin Abxaziyaya səfəri ABŞ-a qarşı sərt cavab kimi dəyərləndirilə bilər, münasibətlər çox gərgin mərhələyə keçir...”

Avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin reallaşan Abxaziya səfəri dünya gündəminin mövzularından birinə çevrilib. Qəzet çapa gedərkən səfər barədə dolğun məlumatlar olmadığından, geniş bilgi verə bilmədik.

Səfərin Rusiya-Gürcüstan arasında 9 il öncə baş verən və Abxaziya ilə Cənubi Osetiyanın işğalı ilə nəticələnən “5 günlük” müharibənin başlamasının ildönümünə təsadüf etməsi müzakirələri daha da qızışdırdı. Putinin səfəri həmçinin ötən həftə ABŞ-ın vitse-prezidenti Maykl Pensin Tiflisdə olması və oradan Rusiyaya meydan oxumasından sonraya, NATO təlimlərinin Gürcüstanda keçirildiyi günlərə təsadüf etdi.

Siyasi şərhçilər bu səfəri Rusiyanın Amerika başda olmaqla Qərb ölkələri qarşısında növbəti dirsək göstərməsi kimi qələmə verirlər. Putinin Amerikanın separatçı rejim kimi tanıdığı Abxaziya səfərinin Rusiya-Qərb münasibətlərini daha da kəskinləşdirəcəyi, vəziyyətin dünya və region üçün təhlükəli bir hədə çatacağı vurğulanır. Azərbaycan üçün də bu səfərin bir siqnal olduğu dilə gətirilir.

Картинки по запросу elman nesirov

Deputat, politoloq Elman Nəsirov Putininn Abxaziya səfərinin düşünülmüş şəkildə reallaşdığı qənaətindədir: “Bu səfərin anonsu öncədən verilmişdi. Hesab edirəm ki, səfərin avqustun 8-də baş tutması təsadüfi deyil. ”5 günlük" müharibənin başladığı gündə səfərin reallaşması düşünülmüş bir addımdır. Eyni zamanda səfərin Qərb ölkələrinin, Birləşmiş Ştatların Rusiyaya qarşı kəskinləşən sanksiyalar fonunda baş verməsi daha çox suallar doğurur. ABŞ Senatında Rusiyaya qarşı sanksiyalara 100 senatorun 97-i dərhal səs verdi. Bu da təxminən bütün senatorlar deməkdir. ABŞ prezidenti də həmin sənədi dərhal imzaladı. Təsəvvür edin ki, Donald Tramp lap 8 il prezident olsa belə, ondan sonra gələn yeni prezidentin də qəbul edilən bu sənədi ləğv etmək imkanları olduqca məhdud olacaq. Burada söhbət Rusiya-ABŞ münasibətlərinin onilliklərlə korlanmasından gedir. Çünki prezident o sənədi imzaladıqdan sonra onun ləğvi üçün konqresin 3/2-nin səs çoxluğu lazımdır. Onu isə əldə eləmək çox müşkül məsələdir. Bu sanksiyaların Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft və qaz sektorunu əhatə etməsi şübhəsiz ki, rəsmi Moskvanı son dərəcə qıcıqlandırdı. Nəticədə Rusiyanın addımları da özünü çox gözlətmədi. Artıq Rusiyadan 7 mindən çox ABŞ diplomatı çıxarılıb. Onların sayı Rusiyanın ABŞ-dakı diplomatlarının sayı qədər azaldılıb. Bütün bunlar onu göstərir ki, Rusiya-ABŞ münasibətləri getdikcə daha da gərginləşməkdədir. Bir çox hallarda “soyuq müharibə” dövrünün təkrarlandığı barədə mülahizələr səslənməkdədir. İndiki halda Putinin Abxaziyaya səfəri həm də ABŞ-a qarşı sərt cavab kimi dəyərləndirilə bilər.

ABŞ Abxaziya və Cənubi Osetiyadakı hakimiyyəti separatçı rejimlər kimi tanıyır. Amma Amerikanın separatçı rejimlər kimi tanıdığı yerə Putin səfər edir. Xüsusilə, ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana məlum səfəri və həmin səfər zamanı Rusiya ilə bağlı çox kəskin ifadələr işlətməsinin özü də onu göstərir ki, Vaşinqton-Moskva münasibətləri çox gərgin mərhələyə qədəm qoyub. Bunu Rusiyanın baş naziri Dmitri Medvedev “ticarət müharibəsi” kimi dəyərləndirdi. Buna başqa cür də ad vermək mümkün deyil. Bu müharibədən başqa cürü real müharibə olar. Burada da söhbət iki nüvə dövlətindən gedir. Bu baxımdan bu iki ölkə arasındakı “ticarət müharibəsi”ndən başqa müharibə artıq qlobal fəlakət deməkdir. Mümkün olan “ticarət müharibəsi”dir ki, bunu da Amerika başda olmaqla Qərb dövlətləri Rusiyaya qarşı aparırlar. Bu reallıqda təbii ki, regiondakı təhlükəsizlik məsələləri daha böyük aktuallıq kəsb etməyə başlayır".

Politoloq Azərbaycanın yürütdüyü hazırkı siyasətin ən doğru yol olduğunu da qeyd etdi: “Burada Azərbaycanın maraqları bizi ən çox düşündürür. Cənab prezidentin yürütdüyü balanslı siyasət bu günün reallıqlarına tam adekvat cavab verir. Hazırda Azərbaycan Rusiya ilə münasibətlərini inkişaf etdirir. Bu inkişaf heç bir halda ABŞ əleyhinə deyil. Eyni zamanda Azərbaycan Qərb ölkələri ilə də çox sıx münasibətlərə malikdir. Strateji tərəfdaşlıq münasibətlərimiz var, həm ABŞ, həm də Rusiya ilə. Azərbaycanın yeritdiyi bu siyasət ən düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində xatırlayırsınızsa, Rusiya və ABŞ-ın qərargah rəislərinin görüşü Bakıda keçirilmişdi. Bu Azərbaycanın apardığı məntiqli, balanslı, çevik siyasətdən irəli gələn addım olmuşdu. İndiki halda Rusiya və Qərbin münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan özünün ənənəvi siyasətinə sadiqdir. Bu siyasət Rusiya-ABŞ arasındakı gərgin münasibətlərin bizə mənfi təsirlərinin qarşısını almaq üçün aparılan ən doğru siyasətdir”.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 600          Tarix: 9-08-2017, 08:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma