Xəbər lenti

 

Putinin Abxaziyaya səfərinə Rusiyanın Cənubi Qafqaz siyasəti prizmasından yanaşmaq lazımdır.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Abxaziyaya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert son vaxtlar Rusiyanın Cənubi Qafqazda aktivliyinin artdığını deyib:

“Eyni zamanda, digər oyunçuların da regionda aktivliyi gözə çarpır. Bir müddət öncə Ukrayna prezidentinin Gürcüstana səfəri və oradan Moskvaya verilən mesajlar diqqətdən yayına bilməzdi. Əsas mesaj Ukrayna və Gürcüstanın separatçılara və Rusiyanın ekspansiyasına qarşı birgə siyasəti ilə bağlı idi. İndi Putinin Abxaziyaya səfəri separatçılara dəstək kimi də qiymətləndirilə bilər. Moskvanın Qərbə mesajı isə ortadadır: Rusiya Abxaziya, Cənubi Osetiyaya dəstəkdən və öz siyasətindən imtina edən deyil. Hətta Rusiyanın Ukrayna-Gürcüstan razılaşması fonunda separatçılara bundan sonra daha çox siyasi dəstək verəcəyi şübhəsizdir”.

Rusiya-ABŞ münasibətlərinə toxunan konfliktoloq iki ölkə arasında gərginliyin artacağını bildirib:

“Moskva göstərməyə çalışır ki, guya sanksiyalar onlar üçün heç bir əhəmiyyət kəsb etmir və Rusiya öz siyasətinə davam edəcək. Hesab edirəm ki, hər iki ölkə arasında qarşıdurma yaxın aylarda yeni formada davam edəcək və daha da gərginləşəcək”.

İ.Vəlizadənin sözlərinə görə, Azərbaycan ABŞ-ın Rusiyaya tətbqi etdiyi sanksiyalardan maksimum uzaq qalmağa çalışacaq:

“ABŞ İrana sanksiya tətbiq edəndə Azərbaycan qoşulmadı və rəsmi Tehranla müxtəlif formalarda əməkdaşlığı davam etdirdi. Həmin siyasət Rusiya ilə davam edəcək. Çünki bu iki ölkənin münasibətləri bir çox sənədlərə, ikitərəfli razılaşmalara arxalanır. Sadəcə olaraq regionda vəziyyət mürəkkəbləşəndə bu, Azərbaycana da toxunur. Xüsusilə də Azərbaycanın fəal şəkildə reallaşdırdığı layihələr var ki, burada Amerika kapitalı da iştirak edir. Rəsmi Bakı bunu nəzərə almaya bilməz, ancaq hansısa qərarlara birbaşa müdaxilə etməyəcək”.




Ana səhifəyə qayıt        Baxış: 683          Tarix: 5-08-2017, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma