Xəbər lenti

Yaponiya ərazisində ABŞ və Yaponiya hərbçilərinin iştirakı ilə ikihəftəlik "Resolute Dragon" təlimləri başlayıb.

Oxu.Az bu barədə CNN-ə istinadən xəbər verir.

ABŞ Dəniz Piyadaları Korpusunun bəyanatına görə, təlimlər Rükü adalarında keçiriləcək. Bu adaların ən ucqarı Tayvanın şərq sahilindən 125 km məsafədə yerləşir.

Təlim iştirakçıları bir sıra raket sistemlərindən istifadə etməyi planlaşdırırlar. Dəniz Piyadaları Korpusundan qeyd edilib ki, bu cür silahlanma mühüm dəniz yollarını və ərazinin əsas hissələrini qorumağa, "sahildən güc proyeksiya etməyə" imkan verəcək.

Xüsusilə, söhbət ABŞ Ordusunun "Typhon" mobil buraxılış qurğusundan gedir: ondan həm "SM-6" zenit raketlərini, həm də 1.6 min km-ə qədər uçuş məsafəsi olan "Tomahawk" qanadlı raketlərini buraxmaq mümkündür. CNN xatırladır ki, ABŞ bu qurğunu Sakit okeanda ilk dəfə 2024-cü ildə Filippində keçirilən təlimlər zamanı yerləşdirib, bundan sonra ÇXR tərəfindən tənqidlər səslənib.

"Typhon" qurğularından biri təlimlər zamanı korpusun İvakuni bazasında (Yamaqata prefekturası, Honsü adası) yerləşdiriləcək. Korpus digər qurğuların harada yerləşdirilə biləcəyini dəqiqləşdirməyib.

Bundan əlavə, iki ölkənin hərbçiləri 185 km təsir məsafəsi olan, ABŞ-nin NMESIS gəmi əleyhinə komplekslərindən və uçuş məsafəsi 1000 km-dən çox olan yapon "Type 12" qurudan idarə olunan gəmi əleyhinə raketlərindən istifadə edəcəklər.

CNN qeyd edir ki, "Resolute Dragon" təlimləri Pentaqon rəhbəri Pit Heqsetlə ÇXR müdafiə naziri Dun Tszyun arasında Tayvan və Cənubi Çin dənizi mövzusunda söhbətdən heç 48 saat keçməmiş başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 777          Tarix: Bu gün, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma