Xəbər lenti

 Arzu Kazımqızı Nehrəmlinin “Unutmağı öyrənirəm” şeirlər kitabı qarşımdadır. Bu, Arzunun sayca üçüncü şeirlər kitabıdır. Kitab bu adla təqdim olunsa da, əslində unudulmayan arzuların poetik ifadəsinin məcmusudur desək, yəqin ki, yanılmarıq. Kitabda unutmaq amili ilə bağlı olaraq “Unudulmayan çağ idi”, “Unudulmağa getdim”, “Unutmuşam özümü”, “Unutmağa gücüm yox”, “Unutmağı öyrənirəm”, “Öyrətmədin unutmağı” adlı şerlər yer almışdır. “Məlum olduğu kimi, “unutmaq” insanın daxili aləmində çarpışan fikirlərin təlatümlü çağlarını dilə gətirən, insanı narahat edən, düşündürən, psixoloji sarsıntılarla üzləşdirən, bəzən də keçmişin acısını və ya şirin xatirələrini süzgəcdən keçirib insanın bütün vücudunu titrədən hisslərdən imtina etməkdir. Arzu Nehrəmlinin poetik dünyasında unudub-unudulmamaq, təbii ki, bütün bu saydıqlarımız və saymadıqlarımız hisslərin, duyğuların şeirə çevrilən anlarını əks etdirir. Şairin uşaqlıq dünyası “Unudulmayan çağ idi”. Ömrünün bu çağında nə görmüşdü, nə anmışdı, indi şairin özü üçün də qaranlıqdır:

Nə görmüşdüm ki, nə anam,

Nədən tutam, nəyi anam?!

İstədim uşaq dolanam,

Məni bir sevgi çağırdı. 

Və ömrün uşaqlıqdan gəncliyə keçid dövründə baş qaldıran sevgi unudulmayan, şirin təmaslardan doyulmayan anları ehtiva edir. İnsana elə gəlir ki, yerdən ayrılıb göylərdə uçur, onun xəyalları, hətta kainatın sərhədlərinə belə sığmır:

Arzularım quşqanadlı,

Uçardı sevgi soraqlı,

Nə isə, çox təmtəraqlı

Unudulmayan çağ idi.

Amma necə deyərlər; “Sən saydığını qoy, gör fələk nə sayır”. Arzunun quş qanadlı xəyalları göylərdə uçarkən fələk öz işindəydi. Ümidlərini çiliklədi, arzu-istəyini daşa çırpıb sındırdı, şux qamətini əydi:

Sən mələk donunda gəldin, ay fələk,

Nəyinə gərəkdim, nəyinə gərək.

Min il dərd dinləmiş qoca palıd tək

İkiyə qatlayıb bükdün Arzunu.

Bəli, gəncliyində, sevginin şirin busəsini dadmaq, arzularına çatmaq məqamında həyatın amansız zərbələrinə tuş gələn Arzuya fələk zülm elədi. Canından çox sevdiyi, təzəcə ailə qurduğu həyat yoldaşı düşmən gülləsinin hədəfinə çevrildi. İndi o günləri xatırladıqca bütün bu ağrılar Arzunu bir an da olsun tərk etmir, onu addım-addım izləyir. Sevgi qəhrəmanını tez-tez yuxularında görən Arzu “Bir də sən gəlmə” şeirində şəhid həyat yoldaşı Yusif Yaquboğlu ilə xəyali körpü qurur.

Bu şeirdə Arzu Nehrəmli nağıllardan, dastanlardan süzülüb gələn məfkurə ilə özünün bədii hisslərinin məcmusunda lirik bir ovqat yaradıb, duyğu, düşüncələrini oxucuya məhz Dədə Qorqud şeirinin poetik formulları, şeir sintaqmları ilə çatdırmağa çalışmışdır:

 

 

 Səni yola saldım yaz səhərində,

 Müqəddəs naməyə döndün sonunda.

 Dədəm qopuzunda, şah əsərində,

 Qazan, Dəli Domrul, Basatdın, gülüm.

 

Yuxularında sevgilisini Kitabi-Dədə Qorqud dastanının qəhrəmanları Qazan Xan, Dəli Domrul, Basata bənzədən şairə sufilik məqamına yüksəlir. “Dünyanı beş günlük” adlandıraraq öz qəhrəmanına qovuşmaq arzusundadır. Məhəbbət fəlsəfəsinin cismanilikdən ruhu müstəviyə keçid mərhələsinin bədii formasını tapan şairə duyğularında səmimidir, mehribandır, sevimlidir. Şeirin obrazlı deyimində Dəli Domrulun xatununun ifadə etdiyi duyğuların oxşar inikası şeir paralelizmi baxımından xüsusi maraq doğurur:

 

Hər kəs üz tutduğu yerdəsən, gəlmə,

İnam yeri də sən, pir də sən, gəlmə.

Harayla mən gəlim, bir də sən gəlmə,

Burası beş günlük həyatdır, gülüm .

Göründüyü kimi şair bu vəfasız dünyaya şəhid sevgilisinin yenidən gəlişini istəmir. Ənənəvi olaraq dünyanın etibarsızlığı haqqında oxuduqları və gördüklərinin nəticəsi kimi xalq yaradıcılığında geniş yer alan qarğışla ötüşməyi üstün tutur:

Bizə olan qəsdin nə?

İsinmədik istinə,

Boğuluruq tüstünə,

Odun sönsün, a dünya.

Dünyanın vəfasızlığını görən, ağır yükünü tez bir zamanda zərif çiyinlərində daşımağa məcbur olan şair ətrafında ona məhrəm olan insanların qayğısından qəhərlənir. Öz dərdi-kədəri ilə onu sevənləri də qəmə düçar etdiyini düşünür, bir müddət üçün unudulmaq istəyir:

Daha heç kəsin gözü

Dolmasın yaşla, - dedim.

Sağ olun, əziz dostlar,

Unudulmağa getdim.

Şair “Gördülər səni” şeirində yazdığı “özünü unudan qızlara” epiqrafla da sanki özünə müraciət edir:

Özünü bəxtəvər sanan,

Nə yerdə gördülər səni?

Bahar vaxtı tər çiçək tək

Budaqdan dərdilər səni.

“Unutmuşam özümü” şeirində isə sevdiyini unutmaq üçün özünü unudur:

Nə isə eləmişdik,

Sevgiyə oxşamışdı.

Daha nigaran olma,

Qurtarıb hiss-həyəcan,

Kəsilib dedi-qodu.

Bərkitmişəm dözümü.

Səni unutmaq üçün

Unutmuşam özümü.

Şairin mənəvi aləmində baş verən təlatümləri gördükcə özünü, nakam sevgisini unutmaq istəyən, lakin unuda bilməyən bir insanın öz duyğularının əsiri olduğunu hiss edirsən. Bir tərəfdən çarpaşıq fikirlərin məngənəsində sıxılan, digər tərəfdən ictimai həyatdakı uyğunsuzluqlar və uğursuzluqlar, “bəxtiqara yazıların” tale yazısı kimi qəbul edilməsi şairi, hətta ölüm risqini gözə alıb unutmağa razılaşdırır, amma yenə də unuda bilmir. “Unutmuşam özümü” desə də, şair etraf edir ki, unutmağa gücü yoxdur.

Sevdalanmış Arzuyam,

Bəxti qara yazıyam.

Ölmək üçün razıyam,

Unutmağa gücüm yox.

Şairin uzun ayrılıqdan sonra doğma yurda – ilk sevgi atəşinə ürcah olduğu yerlərə yolu düşür. Xatirələrindən boylanıb ömrünün qönçə çağında dərilib budağından ayrılmış, tez də tale çırağı fələkdən söndürülmüş şair yuxularında həsrətlə baxdığı yerlərə reallıqda baxa bilmir. Bir zamanlar daşından, divarından sevgi yağan məhəllənin isti ocağı sönüb külə dönübdü. O məhəllədə hər şey sükuta qərq olubdu, buludlar da alçalıb yerlə birləşibdi, o yer görünməz duman içindədir:

O yerdə gözümün yaşı soyuyub,

Ocağı soyuyub, aşı soyuyub,

Gör necə divarı, daşı soyuyub,

Daha o tərəfə dönə bilmirəm.

Belə məqamda şairin qarşısında qalan yeganə yol hər şeyi unudub yenidən həyata atılmaqdır, əgər unuda bilsə. Unutmaq o qədər də asan deyil. Unutmaq üçün gərək yaddaşında dərin iz salmış xatirələri siləsən. Amma bu hər hansı texniki vasitənin yaddaşı deyil ki, silmək də asan olsun. Bu insan yaddaşıdır; canlı, sevən, sevilən insanın yaddaşı. Əzabı, sevinci, dərdi-qəmi, şad günü, toy günü ilə daşlaşan xatirələr insan yaddaşında elə izlər salır ki, bir ömür boyunca onları silmək və ya unutmaq olmur. Şair Arzu Nehrəmli də yaddaşına pərçimlənmiş xatirələrdən ayrıla bilmir və yeganə çarəni unutmağı öyrənməkdə görür:

Gözüm yolda, yollar haça,

Bu yolda başım uca.

Dizlərimi quca-quca

Unutmağı öyrənirəm.

Unutmaq istəyib unuda bilməyən, dərdi-kədəri ilə ağrılarını yaşayan şair fani dünyadan baş alıb getmək haqqında da düşünür:

Bu üzü üz görmüş fani dünyanın,

Yoxdur bircə qram qanı dünyanın.

Hələ ki, çıxmayıb canı dünyanın,  

Baş alıb gedəsən bu gen dünyadan.

Sonda şairin “Qəlbində kişilik haqqı üşüyür” şeirindən bir bəndə nəzər salaq:

Alveri baş tutmur gül bazarında,

Alqısı üşüyür, satqı üşüyür.

Bürünüb dumana yol kənarında

Qəlbində kişilik haqqı üşüyür.

Mənə elə gəlir ki, yol kənarında dayanıb gül satmaq istəyən kişinin üşüyən “kişilik haqqı” ilə Arzunun unudulmayan arzularının arasında gözə görünməyən bir bağlılıq var. Arzunun arzuları üşüyür




Ana səhifəyə qayıt        Baxış: 1 463          Tarix: 3-11-2017, 22:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma