Xəbər lenti
 
"Multikulturalizm sahəsində Azərbaycan artıq beynəlxalq mərkəzə çevrilib".
Ovqat.com xəbər verir ki, APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu gün keçirilən Forum demək olar ki, bütün dünya ölkələrini əhatə edir: "Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır".
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib".
 
Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".



Ana səhifəyə qayıt        Baxış: 1 127          Tarix: 5-05-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma