Xəbər lenti
 “Aprel döyüşləri bir dönüş nöqtəsidir”.
Ovqat.com xəbər verir ki, bunu keçən ilin aprel ayında  cəbhədə baş verən gərginlik, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatının ildönümü ilə bağlı APA-ya açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev söyləyib.
 
R. Rzayev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparıldığını xatırladıb: “Təəssüflər olsun ki, hələlik Minsk Qrupunun həmsədrlərinin kifayət qədər beynəlxalq hüquqa söykənən ədalətli mövqelərini görə bilmirik, ikili standartlarla üzləşirik. Bu mənada aprel döyüşlərindən sonra Minsk Qrupu çərçivəsində bir sıra dönüşlər baş verdi, Azərbaycan prezidenti  İlham Əliyev görüşlər keçirdi. Bəzi konfidensial məsələlərdən məlumatımız olmasa da, bu dönüşü hiss edirik”.
 
Millət vəkili aprel döyüşlərinin Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoyduğunu da vurğulayıb: “Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. Aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi.
 
Millət vəkili ötən gün dövlət başçısının  aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşünü və bu görüşdə verilən mesajları da yüksək qiymətləndirib: “Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində antiterror əməliyyatı keçirməyə və separatçı, işğalçı qüvvələri öz torpaqlarından çıxarmağa tam hüququ var.
Politoloq, millət vəkili Rasim Musabəyov APA-ya açıqlamasında deyib ki, aprel döyüşləri status-kvonun əbədi olacağı barədə baxışın puç olduğunu üzə çıxarıb: “Məlum oldu ki, hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər. Digər tərəfdən, aprel döyüşlərinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi  hər zaman lovğalanaraq bəyanatlar verirdi ki,  Ermənistan hərbi üstünlüyə malikdir, Azərbaycan  öz torpaqlarını azad edə bilməz, hətta istəsələr, Kürə qədər irəliləyə bilərlər. Aprel döyüşləri Ermənistanın lovğalığını bitirdi, əksinə, konkret məğlubiyyətlə üzləşdilər”. 



Ana səhifəyə qayıt        Baxış: 1 236          Tarix: 2-04-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma