Yazıçı-publisist Xeybər Göyyallının “Avropa” nəşriyyatı tərəfindən yenicə işıq üzü görən kitabı “İnsan ehkamı” adlanır. Müəllif sayca on birinci olan bu kitabında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında yazdığı esse və yaxından tanıdığı insanlar barəsində qələmə aldığı oçerklərdə (portret-cizgilərdə) yüksək mənəvi-əxlaqi sərvətləri - insana məxsus ali dəyərləri orijinal və təsiredici bir dillə oxucuların mühakiməsinə vermişdir. Dörd bölmədən ibarət olan kitabın “Düşüncə” fəslindən “Duyumlar. Deyimlər” başlığı altında dərc edilmiş bəzi yazıları oxucularımızın diqqətinə təqdim edirik.
DUYUMLAR. DEYİMLƏR
İnsan biolojidən çox, ruh, ağıl, yaddaş və iradədən ibarətdir. Ruh və yaddaş - elə insan deməkdir.
***
Keçmiş insanı həm də mühafizəkar edir.
***
İnsan yalnız güzgüyə baxmaqla özünü görməli deyil, hərdən kənardan da özünə baxmağı bacarmalıdır.
***
Bu dünya xoşbəxtlik, səadət üçün deyil. Dünyanın mayasında qəm dayanıb. Səadət, xoşbəxtlik ömrün uşaqlıq və gənclik dayanacağında bircə anlıq özünü göstərən parıltıdır. Yaz qarı kimidir. Gün işaran kimi gözəgörünməz olur. Sonra insan elə hey onu axtarır, soraqlayır. Əli boşa çıxır.
***
Allah Dədə Qorquda rəhmət eləsin! “Qoşa badam sığmayan dar ağızlım”- deyib. Gözəlliyin gözlə görünən ölçülərindən biri.
***
Allah insana bütün ömrü boyu sevməyə rüsxət verir. Allah iradə azadlığının tərəfdarıdır. Təki sevə biləsən. Gözlənilməz gələn sevgi qəlbi riqqətə gətirir.
***
Həyat. Getdikcə ballaşır. Getdikcə ona daha çox vuruluram.
***
Sevgilər gəldiyi kimi getmir. Ocaq yeri kimi qalır.
***
Qaranlıq artdıqca işığın qədrini bilirik. Həsrət uzandıqca vüsal şirinləşir.
***
Torpaqlarımız kiçildikcə, bazarlarımız böyüdü. Bazarlarımız böyüdükcə, özümüz kiçildik.
***
Siyasət - zahiri yalan, astarı həqiqətdir.
***
Deyirəm - işimə pis olur.
Demirəm - içimə his dolur.
***
İllər keçir. Heç bir şey edə bilmirik. Qarşıdakı illərə ümid edirik. Arxayınlıq bizi aldadır. Amma heç soruşan yoxdur: biz nəyə arxayınıq?!
***
Həyat daim irəliyə addımlayır. İnsanı da özü ilə irəli aparır. İnsanoğlu isə həmişə istəyir ki, ömrün ortasında və sonunda bir an da olsa nəfəsini alsın. Lap düzü, ürəyindən daim keçir ki, Tanrı fürsət verə ömrünü yenidən qura. Ancaq Tanrı insana ömrü bir dəfə verir. Ömrün də yolu irəliyədir, geri yolu yoxdur.
***
Anadan olduğumuz üçün də ölməliyik.
***
Biz gecələr ona görə yatırıq ki, ölümə öyrəşək.
***
Qəfil ölüm səhrada fırtınaya bənzəyir, göz açmağa aman vermir. İnsan buna daim hazır olmalıdır.
***
Günahkarlar həmişə sualdan qorxurlar.
***
Daim içərisində inkar gəzdirən skeptiklərdə inam, hər şeyə baş yelləyən yaltaqlarda isə şübhə hissi olmur. Skeptiklər Allahsız olmurlar. Bəlkə də, Allahsız ola bilmirlər. Elə içərilərindəki şübhə Tanrı axtarışıdır. Yaltaqlar isə allahsızdırlar.
***
Göz yaşları da gözəlliyi ifadə edir.
***
Əzabı göz yaşlarından çox, gözlərin özü ifadə edir.
***
Rəngin də dadı - tamı var. Qırmızı qan dadındadır. Qara - acıdır. Yaşıl - turşdur.
***
İnsan deyilən varlığın gücü, qüdrəti, ağıl və zəkası xeyirxahlığa sərf olunanda neqativ hiss və düşüncələrə yer qalmır. Ata- babalarımız necə ki demişlər, insan bu dünyanı necə tutur, eləcə də yaşayır.
***
İnsana nostalgiya da lazım olur. İnsan övladı öz şəxsi keçmişini yenidən yaşamaq üçün nostalgiyaya baş vurmalı olur.
Paylaş: