Xəbər lenti

 Şair Nurəddin İsmayılın bir neçə şeirini Ovqat.com oxucularına təqdim edirik:

 

Doğru yoldan keçib gedən

 

Doğru yoldan keçib gedən,

Qəm badəsin içib gedən,

İzin qoyub, köçüb gedən,

Dünyanı atmağın gözəl.

 

Gedirsən sən haqqa sarı,

Özünü o ipə  sarı,

Üzün olub nurdan sarı,

Nur içi yatmağın gözəl.

 

Sən özün gözəldin əzəl,

Yox idi sənintək gözəl,

Əyildin, get bir də düzəl,

Nəfsini atmağın gözəl.

 

Axtarıb, nə tapdın yerdə,

Qəbrini qazdığın yerdə

Götürmür artığı Yer də,

Göyə naz satmağın gözəl.

 

Kamilsən, batillə nə işin,

Ötən ayla,  illə nə işin,

Damlasan, sahillə nə işin?

Dəryaya çatmağin gözəl.

 

09.06.2017

 

Elə də olur, belə də olur

 

Gecəsi qara, gündüzü ağdı,

Elə də olur, belə də olur.

Bir üzü düzən, bir üzü dağdı,

Elə də olur, belə də olur.

 

Ziddir çöl içə, aldadan gözdü,

Batini görsən, hər əşya sözdü,

Yumaqdı ipsiz, çözəni çözdü,

Elə də olur, belə də olur.

 

Səhrası yanar, dəryası coşar,

Zərrədə bütün kainat yaşar,

Ağılsız insan həddini aşar,

Elə də olur, belə də olur.

 

Aşiqə sevgi əzədən gələr,

Çəkdiyi sitəm gözəldən gələr,

Əyilib dünya, düzəldən gələr,

Elə də olur, belə də olur.

 

11.04.2017

 

Salam

 

Salam, Qarabağ adlı qara dərdim,

Salam, Mübariz şanlı igid mərdim,

Salam, itiyim, sinə dağım, Şuşam,

Salam, Təbrizim, Urmiyəm, Mərəndim.

 

Salam, gülüzlü Göyçəm, əsir yurdum,

Salam, harayım, mavi gözlü qurdum,

Salam, ozanım, qopuzlu Qorqudum,

Salam, baş tacım, vüqarlı Səhəndim.

 

Salam, sonalı, kəklikli dağlarım,

Salam, gülşəni saralan bağlarım,

Salam, xoş günüm, büsatlı çağlarım,

Salam, Türkiyəm, salam bəy əfəndim.

 

Salam, ulusum, salam türk ellərim,

Salam, ruhumu oxşayan yellərim,

Salam, yovşanlı, ətirli çöllərim,

Salam, Qafqazda ucalan Dərbəndim.

 

Salam, həsrətin qəmini çəkənlər,

Salam, yaxşılıq toxumu əkənlər,

Salam, eşqinə göz yaşı tökənlər,

Salam, Arazım, ana Kürə bəndim.

 

17.04/2017 




Ana səhifəyə qayıt        Baxış: 1 123          Tarix: 10-06-2017, 02:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma