Qafar Qərib 1976-cı ildə Babək rayonunun Güznüt kəndində anadan olub.1993-cü ildə Babək rayon Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix-filalogiya" fakultəsini bitirib.
2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb.
Q.Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Q.Qərib "Gözlərsən məni"(1998), "Gözümə döydüyüm şəkil"(2000), "İçimizdəki qəhrəman"(2002) və "Dünya üçbucaq imiş"(2004) şeir kitablarının müəllifidir
Qvqat.com Qafar Qəribin yeni şeirlərini oxucularına təqdim edir.
YAĞ, YAĞIŞIM
«Yağ, yağışım, yağ, sel ol, yağ !
Sırma-sırma, tel-tel ol, yağ!»
M.Müşfiq.
Yağ, yağışım !
Ümidimə, arzuma yox,
İçimdəki yanğıma yağ !
Söndür mənim atəşimi,
Heç səngimə, dayanma, yağ !
Yağ, yağışım !
Qəlbimizdən hisi, pası,
Yuyub apar Araza sən.
Bu dünyadan bu pisləri,
Oyub, apar Araza sən.
Yağ, yağışım !
Cəmiyyətə bəla olan
MİKROBLARI, VİRUSları
Dənizlərə yuyub töksün
Yağışının gur suları.
Yağ, yağışım !
Tankı, topu kir aparsın,
Çiçəklərə, güllərə yağ !
«Savaş!», «ölüm!», «zülm!» deyə
Od püskürən dillərə yağ !
Yağ, yağışım !
Anaların dağ çəkilmiş
Sinəsinə, qəlbinə yağ !
Hiddətindən çat-çat olmuş
Şəhidlərin qəbrinə yağ !
Yağ, yağışım !
Yağ, varlığın bəlli olsun,
Görsünlər ki, Sən də varsan.
Qəlbimdəki Qəm ağacın,
Öz suyunla yağ, suvar Sən.
MƏZARÜSTÜ
ŞƏKİLLƏR
Əvvəllər ölənləri
başdaşında şəkildən
Tanıyardı adamlar.
Öləndən sonra belə
Peşəsiylə, işiylə
Tanınardı adamlar:
Dülgər rəndəsiylə,
Dərzi qayçısıyla,
Şair qələmiylə,
Rəssam fırçasıyla
tanınarmş həmişə.
Kefli İsgəndəri
bir boş şüşədən,
Hacı Qaranı
bir dolu küpədən
Tanıyarmış adamlar.
Şəkilsiz məzarları
Heç kimsə xatırlamaz,
ziyarətsiz qalarmış.
Əməli olmayanlar
Olümündən sonra da
çox hörmətsiz olarmış.
Günlərin bir xoş günü
ölsəm, işlər dəyişər.
Görən əməllərimçün
Bu şəkillər içindən
qismətimə nə düşər?!
Mən ölsəm, başdaşımda
çəkməyin qələm şəkli.
Bu ömrü başdan-başa
dərd-qəmlə oynamışam –
Çəksəniz də çəkərsiz
QƏM şəkli, ƏLƏM şəkli…
O qəm ki, sözə gəlmədi.
Cilid-cilid kitabımda
mən onu yaza bilmədim,
varlığın yoza bilmədim…
Əzdi məni, yüz yol əzdi,
mən onu əzə bilmədim.
Ölsəm, məzarım üstə
bu DƏRDİ çəkin, bala !
Ən yaxşı rəssamları
yığın məzarım üstə –
zəhmətim çəkin, bala !
Kim çəksə, bu şəkili,
bilin kişidi, mərddi.
Kömək üçün deyim ki,
Dərd özü qara olur –
Qaranın özü dərddi…
TƏLƏSMƏ, ADAM, TƏLƏSMƏ!
Bu yol hara gedir belə?!
Ayaq tutan gedir elə...
Son mənzili bilə-bilə,
Tələsmə, adam, tələsmə!
Bu dünyanın özü hədər,
Mini gələr, mini gedər.
Bu karvana hamı yetər,
Tələsmə, adam, tələsmə!
Əcəl adlı ata çatsan,
Bil, əbədi yatacaqsan.
Qorxma, vallah çatacaqsan,
Tələsmə, adam, tələsmə!
Səhər bilmə xoruz banın,
Öz iyi var sübhün, danın.
Qədrini bil hər bir anın,
Tələsmə, adam, tələsmə!
Bir dünyanın işinə bax;
Kimisi ac, kimisi tox.
Axirətdə yerimiz yox,
Tələsmə, adam, tələsmə!
Ocağında odunu çat,
Kədərinə gəl sevinc qat!
Sən Əcəlin başını qat,
Tələsmə, adam, tələsmə!
Hər istəyə yetmək olmaz,
İstəyincə getmək olmaz,
Bu zamandı, ötmək olmaz,
Tələsmə, adam, tələsmə!
Bu dünyanın yönü bəlli,
Hər insanın donu bəlli.
Ömrümüzün sonu bəlli,
Tələsmə, adam, tələsmə!
BİR YER BİLİRƏM...
Bir yer bilirəm...
Orda ancaq iki rəng var--
ağ və qara.
Başqa bir rəng görəmməzsən
baxsan ora.
Bir yer bilirəm...
Gözəl yerdir. Oranın öz
qanunu var, qaydası var.
Nə zamansa bir yetimə
salam verib, qəlb almağın
həmin yerdə faydası var.
Orda hakim – Allah özü,
“Vəkil” işin tapşırıbdı
mələklərə...
Qayda bu ki, gərək Allah
Hər əməli--xeyir-şəri
ələkləyə...
Bir yer bilirəm...
O yer--haqqın, ədalətin
olduğu, yer...
İnanın ki, haqqın atı
ancaq orda çapa bilər.
İnsan oğlu ədaləti
ancaq orda tapa bilər.
Kimsə kimdən artıq deyil,
bərabərdi orda hamı...
Bir ölçüdə bütün evlər,
nə saray var,
nə də sadə “kasıb damı”...
Bir yer bilirəm...
Orda hamı bir geyinir--
doğulanda və öləndə
geydiyini...
Əyriliyə ehtiyac yox,
Görənməzsən bir kimsənin
orda haram yediyini...
Nə geyim dərdi var,
nə də yemək...
Gözəl yerdir ora demək.
O gözəl yer – Axirətdi,
nişan verdim yeri də mən...
Fikirləşin, gedən varsa,
gəlsin gedək,
biri də mən...
Paylaş: