Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonları və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
DİM-dən Ovqat.com-a bildirilib ki, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb. İmtahanın müddəti 2 saat 45 dəqiqə olub.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.
DİM Direktorlar Şurası tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanları ilə əlaqədar görülən işlərə ictimai nəzarətin təşkili, eləcə də şəffaflığının təmin edilməsi məqsədilə yaradılmış İctimai Şura üzvləri də imtahan materiallarının yola salınmasını, buraxılış rejiminin təşkilini, imtahanın gedişini və s. prosesləri izləyib.
İyunun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.
Paylaş: