Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 205 illiyinə həsr olunan “Poeziya gecəsi” keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, muzeyin direktoru, Azərbaycanın Mədəniyyət İşçisi Leyla Əliyeva, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı və başqaları M.F. Axundovun Tiflis fəaliyyətindən danışaraq onun ədəbi yaradıcılığını yüksək qiymətləndiriblər. Çıxışçılar böyük ədibin dramaturgiyamızın inkişafındakı xidmətlərini xüsusilə qeyd ediblər.
“Poeziya gecəsi”ndə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr M.F. Axundovun əsərlərindən kiçik parçalar ifa ediblər.
M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva APA-ya açıqlamasında “Poeziya gecəsi”nin əhəmiyyətindən danışıb, gecənin gənclər, xüsusən azərbaycanlı tələbələr üçün yaddaqalan olduğunu bildirib: “Belə səpgili layihələrimiz çox olacaq. Bu tədbir M. F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyətinin zənginləşməsinə bir töhfə oldu. Düşünürəm ki, gənclərimizin poeziya sahəsində addımları daha da möhkəmlənəcək, belə tədbirlərdə isə onlarla yanaşı görkəmli Azərbaycan şair və yazıçıları da iştirak edəcəklər”, L. Əliyeva vurğulayıb.
Paylaş: